Donald Tramp: “Avtomobil istehsalçıları Kanada, Meksika və digər ölkələrdən istehsalı ABŞ-a köçürmək üçün zamana ehtiyac duyurlar”
ABŞ Prezidenti Donald Tramp dünən bəyan edib ki, Amerikaya idxal olunan avtomobillərə tətbiq etdiyi tarifləri müvəqqəti olaraq dayandıra bilər. Məqsəd avtomobil istehsalçılarına tədarük zəncirlərini uyğunlaşdırmaq üçün vaxt verməkdir: “Bu sahədə bəzi avtomobil şirkətlərinə kömək etməyi düşünürəm”, – deyə Tramp Oval Ofisdə toplaşmış jurnalistlərə bildirib. Respublikaçı prezident qeyd edib ki, avtomobil istehsalçıları Kanada, Meksika və digər ölkələrdən istehsalı ABŞ-a köçürmək üçün zamana ehtiyac duyurlar: “Onların burada istehsal edəcəyi aydındır, sadəcə bir az vaxta ehtiyacları var. Mən bu kimi məsələlərdən danışıram”.
Tramp: “Mən fikrimi dəyişmirəm, sadəcə elastikəm”
Ford, General Motors və Stellantis kimi şirkətləri təmsil edən American Automotive Policy Councilin prezidenti Matt Blunt bildirib ki, assosiasiya Trampın daxili istehsalın artırılması məqsədini bölüşür: “Avtomobil hissələrinə geniş tariflərin tətbiqi bizim ortaq məqsədimiz olan güclü və böyüyən Amerika avtomobil sənayesinin qurulmasına maneə ola bilər. Üstəlik, bu tədarük zənciri dəyişiklikləri müəyyən zaman tələb edir”, – deyə Blunt bildirib.
Tramp 27 mart tarixində avtomobillərə 25 faiz tarif tətbiq etdiyini elan edəndə, bunu “daimi” adlandırmışdı. Lakin onun sərt ticarət yanaşması getdikcə yumşalır.
Ötən həftə ABŞ-da istiqraz bazarındakı satışlar faiz dərəcələrinin artmasına səbəb olduqdan sonra, Tramp bir çox ölkəyə tətbiq olunan tariflərin 90 gün müddətinə 10 faizə endiriləcəyini bildirdi.
Eyni zamanda, Tramp Çindən idxal edilən məhsullara tətbiq olunan tarifləri 145 faizə qaldırdı, lakin elektronika məhsulları üçün istisna tətbiq edərək bu mallara 20 faiz tarif qoydu. “Mən fikrimi dəyişmirəm, sadəcə elastikəm”, – deyə Tramp bazar ertəsi vurğuladı.
Avropa İttifaqı ədalətli razılaşmaya hazırdır
Avropa İttifaqının ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maros Şefçoviç isə X platformasında bildirib ki, o, ABŞ Ticarət katibi Howard Lutnick və Ticarət Nümayəndəsi Jamieson Greer ilə danışıqlar aparıb.
“Avropa İttifaqı konstruktiv mövqedə qalır və sənaye mallarına qarşılıqlı “0-0 tarif” təklifi və tariflə bağlı maneələrin aradan qaldırılması istiqamətində məsələlər daxil olmaqla ədalətli razılaşmaya hazırdır”, – deyə Şefçoviç qeyd edib.
Çin tariflərdən əziyyət çəkən ölkələrlə danışıqlar aparır
“Apple”ın tarif istisnası dövründə mümkün bir alternativi – iPhone istehsalının bir hissəsini Çindən Hindistana köçürmək – üzərində işlədiyi bildirilir. Şirkət bu prosesi Trampın əvvəlki prezidentliyi dövründəki ticarət müharibəsi zamanı başlamışdı.
Tramp administrasiyası tariflərin Çini təcrid etdiyini və ABŞ-ın digər ölkələrlə danışıqlara başladığını iddia edir.
Lakin Çin də öz növbəsində Asiyada Trampın tariflərindən zərər görmüş ölkələrlə münasibətləri gücləndirməyə çalışır. Çin lideri Si Cinpin bazar ertəsi Hanoyda Vyetnamın Kommunist Partiyasının baş katibi To Lam ilə görüşdə vurğulayıb ki, ticarət müharibələrində qalib olmur.
Bu görüş barədə sualı cavablandıran Tramp isə iki ölkənin ABŞ iqtisadiyyatına zərbə vurmaq üçün “necə edək ki, Amerika Birləşmiş Ştatlarını aldadaq” planı qurduqlarını bildirib.
Foto: ABC Nyus