Kanadanın baş naziri Castin Trudo ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığından sonra Birləşmiş Ştatların Kanada mallarına tətbiq etməyi planlaşdırdığı 25 faizlik tarifin 30 gün müddətinə dayandırıldığını elan etdi. X sosial platformasındakı paylaşımında Trudo, Tramp ilə “yaxşı bir söhbət” etdiyini və Kanadanın 1,3 milyard dollarlıq sərhəd təhlükəsizliyi planını həyata keçirdiyini açıqladı.
Bu plan çərçivəsində:
- Yeni helikopterlər, müasir texnologiya və əlavə sərhəd personalı istifadəyə veriləcək
- Amerika ilə sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq artırılacaq
- Fentanil qaçaqmalçılığının qarşısını almaq üçün daha çox resurs ayrılacaq
Trudo vurğulayıb ki, 10 min sərhəd işçisi artıq sərhədin təhlükəsizliyini qorumaq üçün fəaliyyət göstərir və sərhədə daha çox personal yerləşdiriləcək.
Kanada, eyni zamanda, ölkədə artan fentanil böhranı ilə daha sərt mübarizə aparmağa hazırlaşır. Həyata keçirilməsi planlaşdırılan yeni tədbirlərə aşağıdakılar daxildir:
– Fentanil üzrə xüsusi nümayəndənin təyin edilməsi;
– Kartellərin terror təşkilatları kimi tanınması;
– 7/24 sərhəd nəzarətinin təmin edilməsi;
– Kanada-ABŞ Müştərək Mübarizə Xidmətinin (Canada-U.S. Joint Strike Force) yaradılması (bu qüvvə mütəşəkkil cinayətkarlıq, fentanil ticarəti və çirkli pulların yuyulması ilə mübarizə aparacaq);
– 200 milyon dollar maliyyə dəstəyi vermək şərti ilə fentanil və mütəşəkkil cinayətkarlıq üzrə yeni kəşfiyyat direktivinin imzalanması.
Prezident Tramp da bu razılaşma ilə bağlı Truth sosial platforması üzərindən paylaşım edib: “Kanada, şimal sərhədimizin təhlükəsizliyini təmin etməyə və ölkəmizə axın edən, yüz minlərlə amerikalını öldürən, onların ailələrini və icmalarını məhv edən fentanil kimi ölümcül narkotiklərin qarşısını almağa razı olub. Prezident olaraq, bütün amerikalıların təhlükəsizliyini təmin etmək mənim məsuliyyətimdir və mən məhz bunu edirəm”.
Foto: Joe Raedle/Getty Images