[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Ucuz aviabiletlər ala biləcəyiniz saytlar və mobil tətbiqlər

Azer İsmayil

Azər İsmayıl Kanadadan Azərbaycana uçuşun ən sərfəli yollarından danışdı

Kanada immiqrantlar ölkəsi olduğuna görə hər il milyonlarla insan birinci vətəndaşlığı olan ölkəyə səfər edir. Amma biletlərin baha olması səbəbindən heç də hamı arzusunu reallaşdıra bilmir. Müsahibimiz səyahət və aviasiya blogeri, Azərbaycan Turizm Blogerləri Assosiasiyasının həmtəsisçisi, 34 ölkəyə səyahət etmiş Azər İsmayılla Kanadadan Azərbaycana uçuş üçün ucuz başa gələn aviabiletləri tapmağın yollarından danışdıq. Qeyd edək ki, A.İsmayılın İnstagramda azikiss.me adlı səhifəsi və Telegramda eyniadlı kanalı var. Hər iki sosial mediada ucuz biletlər haqqında məlumat verir. Həmçinin Azərbaycan və dünyanın istənilən yerinə uyğun qiymətə bilet və hotel tapmaqla bağlı xidmətlərini təklif edir.

– Azər bəy, bildiyimiz kimi, Kanadadan Azərbaycana uçuş biletləri çox bahadır. Biletləri hansı fəsildə, yaxud hansı aylarda alsaq, daha ucuz başa gələr?

– Əvvəlcə onu deyim ki, Kanadayla Azərbaycanı birləşdirən aviaşirkətlərin sayı çox deyil və olanlar da tranzit uçuşlardan istifadə edir. Bu, Türkiyənin Türk Hava Yolları (THY), Polşanın LOT, Almaniyanın Lufthanza aviaşirkətləridir. Bundan başqa, iki ərəb şirkəti də var – Emirates Aviaşirkəti (Toronto-Dubay-Bakı) və Qatar Hava Yolları (Toronto-Doha-Bakı). Adətən Türk Hava Yolları payız aylarında növbəti il üçün endirim kampaniyası edir. Amma nədənsə bəzi hallarda bu endirim Kanadaya şamil olunmur. Endirimdən xəbər tutmaq üçün isə mütəmadi olaraq qiymətləri yoxlamaq lazımdır. Bəzən yay aylarında uçuşa bir həftə qalmış THY-dan ucuz qiymətə bilet tapmaq olur. Ucuz dediyim bir tərəfə 800-900 CAD-dır. Amma indidən yay üçün həm Lufthanza, həm də LOT hava yolları ilə Bakıya aşağı qiymətə bilet tapmaq mümkündür.

Oktyabr ayında növbəti ilin aprel, may ayları üçün Bakıya yaxşı qiymətə bilet tapmaq olar. Amma iyun, iyul, avqust və sentyabr bütün dünyada olduğu kimi, Kanadada da uçuşlara ən çox tələbat olan aylardır. Tələbat çox olduğuna görə adətən qiymətlər yüksək olur. Aviaşirkətlər də tələbatın çox olduğu zamanlarda endirim kampaniyaları etmirlər. Fevraldan aprelə qədər, bir də oktyabr və noyabr ayları üçün biletlərin qiyməti aşağı düşür.

– Çoxları qiymətin ucuzluğuna görə Polşa aviaşirkəti LOT-a üstünlük verir, gözləmə saatı uzun olsa da…

LOT-un təyyarələri rahatdır. Amma gözləmə saatı uzun, tranzitdə qaldığınız ərazi çox balaca olduğu üçün insanlar bir az narahat olurlar. Üstəlik, bir-iki kafeni çıxmaq şərtilə elə bir əyləncə məkanı yoxdur. O tipli tranzitdə uzun müddət qalan insanlara viza və master kartın premium xidmətlərindən istifadə etməyi tövsiyə edərdim. Belə ki, bu xidmətlərlə biznes zallardan bir neçə saat pulsuz istifadə edə bilərsiniz. Əgər kart yoxdursa, 50-70 avro ödəməklə biznes zalda 2-3 saat vaxt keçirə bilirsiniz.

 – 7-8 ay öncədən də, səfərə çıxacağı günə 4-5 gün qalmış da bilet alanlar olur. 7-8 ay, yoxsa 4-5 gün öncədən alınmış bilet daha ucuz başa gəlir?

4-5 gün öncədən alınan biletlərin ucuz olması bir şans məsələsidir. Bundan başqa, qiymət, səfərə çıxmaq istədiyin gün həmin istiqamətdə uçuşa tələbatın böyüklüyündən də asılıdır. Əgər tələbat böyükdürsə, o zaman 4-5 gün qalmış qiymətlər daha baha olur. Tələbat olan istiqamətlərə 7-8 ay öncədən bilet almaq daha uyğundur.

– Uyğun qiymətə bilet əldə etmək üçün daha çox hansı marşrutu məsləhət görərdiniz?

– Azərbaycana səyahət edən şəxs Kanada vətəndaşıdırsa, o zaman onun hansısa Avropa ölkəsindən tranzit kimi istifadə etməkıə bağlı məhdudiyyəti yoxdur. Kanadadan Avropanın hansısa şəhərinə uçuş edib, oradan da Bakıya getmək daha ucuz başa gələr. Məsələn, buradan Romaya, Romadan da Bakıya getmək olar. Bu zaman baqajlarına özün cavabdehsən. Birinci uçuşdan sonra baqajını götürüb Avropa ölkəsinə daxil olur, sonra ikinci – Bakıya uçuşda yenidən baqajlarını təhvil verirsən. Belə səyahət baqajsız, yaxud yalnız əl baqajı olan şəxslər üçün daha əlverişlidir. Buradan Avropaya, məsələn, Air-Transatla getmək və ya Almaniyanın Kondor (Condor) aviaşirkəti ilə Frankfurta daha ucuz bilet əldə edib, oradan yenə Bakıya daha ucuz qiymətə getmək olar.

– Bu zaman bir nəfər üçün birtərəfli uçuş neçəyə başa gəlir?

– Kondor aviaşirkəti ilə Torontodan Frankfurta birtərəfli uçuş təxminən 200-210 avroya başa gəlir. Frankfurtdan Romaya yaxud Budapeştə getsəniz, bu şəhərlərdən də Bakıya ən yaxşı halda birtərəfli gediş üçün 50 avroya bilet tapmaq olar. Avropadakı şəhərlər arasındakı nəqliyyatın da xərci onun üzərinə gəlir. Yaxud Torontodan Romaya 400 CAD-a və Romadan da Bakıya 50-70 CAD-a Vizz (Wizz) aviaşirkəti ilə uçuş etmək olar. Bundan başqa, Hamilton şəhərindən Pley (Play) aviaşirkəti Reykyavikə və Reykyavikdən Avropanın müxtəlif istiqamətlərinə uçuş edir. Oradan da Berlinə, Romaya 250-300 avroya birtərəfli bilet tapmaq olar. Gerisini də qeyd etdiyim kimi, Bakıya daha uyğun qiymətə uçuş əldə edə bilərsiniz.

– Azər bəy, Amerikadan tranzit kimi istifadə edib Azərbaycana daha ucuz qiymətə gedənlər də olur. Amma təbii ki, Kanada vətəndaşlığı, yaxud Amerikaya vizanın olması şərtdir. Bu zaman qiymətlərdə nə qədər qabağa düşmək olur?

– Bunu da məşhur istiqamətlərdən saymaq olar. Torontoya ən yaxın böyük şəhər Nyu-Yorkdur. Nyu-Yorkdan Bakıya birbaşa gediş-gəliş olmasa da, yay ayları xaric bir tranzitlə qiymətlər təxminən 900-1100 CAD arasında dəyişir. Düşünürəm ki, bu, yaxşı fürsətdir. Buradan da Amerikaya getmək ayrı xərcdir. Böyük ailədirsə və Nyu-Yorka öz avtomobili ilə gedirsə, həmçinin orada avtomobilini saxlamağa tanışı varsa, bu zaman daha sərfəli olar. Amma tək adamdırsa, kampaniyalardakı endirimlər xaric, o qədər də sərfəli deyil.

– Ucuz bilet almaq üçün müxtəlif mobil tətbiqlər (application), saytlar var. Sizin istifadə etdiyiniz hər hansı mobil tətbiq varmı? Hansılardan istifadə etməyimizi məsləhət görürsünüz?

– Mən adətən biletlər üçün SkyScanner və Kiwi saytlarına baxıram. Amma bu, sadəcə, axtarış üçündür. Bileti həmişə aviaşirkətin öz saytından alıram və hər kəsə də bunu tövsiyə edirəm. Birincisi, bu 100 faiz təhlükəsizdir. İkincisi, mobil tətbiqlər vasitəsilə aldığınız biletlərdən fərqli olaraq, biletdə yazılan vaxtda səfər edəcəyinizə əmin olursunuz. Üçüncüsü, biletlə bağlı hər hansı dəyişiklik etmək istəyəndə aviaşirkətlə bunu daha rahat həll edirsiniz, nəinki üçüncü tərəf mobil tətbiqlər və ya saytların köməyindən istifadə etməklə. Çünki bu saytlar bileti dəyişməyə yüksək ödənişlər istəyir, yaxud bileti qaytaranda böyük miqdarda cərimə edirlər. Hətta bəzən bu tip saytlardan aldığınız bilet, ümumiyyətlə, aviaşirkətin saytında yazılmaya və nəticədə sizin səfəriniz baş tutmaya bilər. Belə vəziyyətlər də baş verir.

– CheapOair mobil tətbiqindən də dəfələrlə bilet alıb razılıq edənlər var. Bu tətbiqlə bağlı nə deyə bilərsiniz?

– Sözün düzü, bu mobil tətbiqdən istifadə etməmişəm. Əslində tətbiqlər çoxdur. Mən sadəcə, iki ən məşhurunun adını çəkdim. Razı qalma ehtimalınız da yüksəkdir. Uçuşunuzu ləğv etmirsinizsə, tarixini dəyişmirsinizsə, bir problem olmur. Amma həmişə belə deyil. Qeyd etdiyim kimi, siz bileti alırsınız, pul sizdən çıxır, amma bilet yazılmır. Hərdən belə hallar baş verir.

– Maraqlıdır, necə olur ki, SkyScanner, Kivi, Ekspedia, CheapOair mobil tətbiqlərində biletlər aviaşirkətlərin vebsaytlarından daha ucuz satılır?

– Bu mobil tətbiqlərdə biletlər həmişə ucuz olmur. Amma ucuz vaxtları da çoxdur. Bu saytlarda biletlərin aşağı qiymətə olması ilə bağlı müxtəlif versiyalar var. Birinci versiya, bu tipli saytlar biletləri təkrar satış edən yerlərdən (resellerlərdən) alırlar. Məsələn, hər hansı bir şirkət bir reysdə 50 bilet alıb. O 50 biletin 45-ni aldığı qiymətdən baha, 5-ni isə ucuz qiymətə satır və bizə elə gəlir ki, həmişə belə tətbiqlərdə biletlər ucuzdur. Halbuki belə deyil. Başqa bir faktor, aviaşirkətdən biletləri topdan daha ucuz qiymətə alırlar. Məsələn, bir istiqamətə aviaşirkət bunu pərakəndə, tutalım, 250 dollara satır, amma topdan 180 dollara satır. Yenidən satış edən şirkət topdan aldığı biletlərin böyük bir hissəsinin üzərinə, qeyd etdiyim kimi, pul qoyub baha satır, kiçik bir hissəsini isə aldığı qiymətə satışa çıxarır. Başqa bir səbəb isə bu tip saytlarda bilet satılan zaman yer seçimi, baqaj, yeməklər və s. əlavə xidmət kimi təqdim olunur. Aviaşirkətlər satanda isə bunların çoxunu əksər hallarda biletin qiymətinə daxil edir. Bundan başqa, bu tip saytlarda bilet dəyişmək, bileti ləğv etmək daha yüksək cərimə ilə başa gəlir, aviaşitrkətdən alanda isə daha uyğun qiymətə edə bilirsiniz.

– Son illər yəqin ki, Kanadadan Azərbaycana uçuş zamanı qiymətlərin artdığını müşahidə edirsiniz. Maraqlıdır, son 2-3 ildə nə qədər artım olub?

– Ümumiyyətlə, Kanadadan təkcə Azərbaycana deyil, digər ölkələrə də uçuşlar hər zaman baha olub. Müqayisə kimi, qonşu ölkələrdə ən yaxın böyük şəhər kimi Nyu-Yorku misal çəkə bilərəm. Torontoyla müqayisədə, Nyu-Yorkdan dünyanın müxtəlif ölkələrinə 30, hətta bəzən 40 faziə qədər daha ucuz qiymətə səfər edirsiniz. Bunun bir çox səbəbi var. Obyektiv səbəblərdən biri də Nyu-Yorka daha çox aviaşirkətin uçmağıdır. Aviaşirkətlər arasında rəqabət olduğuna görə qiymətələr aşağı olur. Amma Torontoya uçuşların sayı azdır, demək, rəqabət də azdır. Daha bir səbəb Pearson aeroportunda aeroport xərclərinin və verginin daha yüksək olmasıdır ki, bu da aviaşirkətləri sözügedən xərcləri də bilet ödənişinin üzərinə gəlməyə məcbur edir. Amma ümumilikdə götürsək, pandemiyadan qabaqkı qiymətlərlə indiki qiymətlər arasında çox böyük fərq yoxdur. Əslində 1-2 il qabaq qiymət daha baha idi, indi bir az aşağı düşüb. Artıq yavaş-yavaş 2019-cu ildə olan qiymətlərə yaxınlaşır.

– Kanada Hava Yolları (Air Canada) barədə nə deyə bilərsiniz, digər hava yolları ilə müqayisədə qiymət baxımından, elə keyfiyyət baxımından da vəziyyət necədir?

– Air Canada Kanadanın ən böyük aviaşirkətidir və tabeliyində Air Canada Ekspress və Air Canada Roug aviaşirkətləri də var. Bu üç aviaşirkətin birlikdə 350-yə yaxın təyyarəsi var və bu, bir aviaşirkət üçün çox böyük donanmadır. Burada həm kiçik ölçülü təyyarələr, həm də nəhəng Airbus və Boeinglər var.

Kanada Hava Yolları xidmət, keyfiyyət və s. qiymətləndirməyə görə dünya aviaşirkətlərinin sıralamasında təxminən 29-30-cu yerdədir. Kanadadan demək olar, hər yerə uçuş var. Qiymətlər yüksək olsa da, Kanada Hava Yollarının üstün tərəfləri  uşaqlı ailələrə qayğıyla yanaşmaları, yeməklərinin keyfiyyətliliyi və təyyarə bələdçilərinin daha dostcanlı olmasıdır.

 – Azər bəy, ucuz bilet axtararkən çoxlarımız ingilis dilində “Torontodan Bakıya ucuz bilet” və s. kimi açar sözlərdən istifadə edirik. Tanımadığımız, adını eşitmədiyimiz saytlardan bilet almaq nə dərəcədə düzgündür? Bu sahədə Kanadada dələduzluq var?

– Ucuz bilet axtararkən bəzən heç bir açar sözə ehtiyac olmur, məşhur axtarış saytlarını – Sky Scanner, Kivi, Ekspedia (Expedia) və s., eləcə də Google flights-dan axtarış versəniz, ucuz qiymətlər çıxacaq. Əlbəttə, dələduzluq var, buna görə də qeyd etdiyim kimi, bileti aviaşirkətin öz saytından almaq daha yaxşıdır. Açar sözlərdən istifadə etsəniz, axtarış sistemləri üzərində yaxşı işləyən dələduz saytlar qarşınıza birinci çıxa və sizin aldanmanıza səbəb ola bilər.

– Telegramda qrup yaratmısınız və hər gün qaynar turlar, aviabilet və hotel endirimlərini paylaşırsınız. Ümumiyyətlə, uyğun qiymətə aviabilet almaq üçün sizə müraciət edənlərə xidmətlərinizi təklif edirsiniz?

– Teleqram kanalını yeni açmışam, İnstagramda da azikiss.me adlı səhifəm var və o səhifəyə bağlı “Ucuz biletlərin elanı və linki” adlı kanal var. Bəzi qadağalara görə hamının kanala qoşula bilməməsini və Telegramın hər kəs üçün daha əlçatan olduğunu nəzərə alıb Telegram kanalı da açdım və hər iki sosial mediada ucuz biletlər haqqında məlumat verirəm.

Təklif etdiyim xidmətlərə gəlincə, bu sahədə uzun illik təcrübəmə əsasən, Azərbaycan da daxil, dünyanın istənilən ölkəsinə uyğun qiymətə aviabiletlər və hotellərlə bağlı kömək edə bilərəm. Bildiyimiz kimi, buradakı ailələr Azərbaycandakı yaxınları ilə görüşmək üçün Türkiyəyə, Gürcüstana, yaxud digər yaxın ölkələrə gedirlər. Mən onlara bir sıra xidmətlər daxil olan hotellərdən yararlanmağı tövsiyə edə bilərəm. Ailəylə görüşün həm rahat, həm də əyləncəli keçməsi ilə yanaşı, belə hotellər qiymət baxımından da sərfəlidir. Bu tip hotellərə yemək və qalmaqdan əlavə, əyləncə də daxildir. İstəyən müraciət edə bilər.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp