Lalə Məmmədovanın sözlərinə görə, Torontoda tibb bacısı ixtisasını bitirib işsiz qalmaq mümkünsüzdür
Kanadanın Toronto şəhərində tibb bacısı ixtisasını bitirənlərin rahatlıqla iş tapa biləcəyini deyir. Bu ixtisasa yiyələnənlər kolleci, yaxud universiteti bitirən kimi saatı ən aşağısı 29 dollardan işə başlayırlar. Müsahibimiz 6 ildir Torontoda tibb bacısı kimi çalışan Lalə Məmmədovadır. L.Məmmədova Azərbaycanda Tibb Universitetinin pediatriya bölməsini bitirib və ailə quraraq Kanadaya köçüb. Burada həkim kimi işləmək üçün təhsilini davam etdirmək istəsə də, bunun ailəylə, uşaqla az qala mümkünsüz olduğunun şahidi olub. Buna görə Azərbaycan Tibb Universitetinin diplomunu təsdiq etdirərək Kanadada York Universitetinin tibb bacısı ixtisası üzrə təhsil alıb. York Universitetini fərqlənmə diplomu (dean’s honour) ilə bitirib community nurse (cəmiyyət üçün xidmət göstərən tibb bacısı) kimi işə başlayıb. Müsahibimiz Kanadada tibb bacısı təhsili, bu sahənin üstünlükləri və çətinlikləri və s. ilə bağlı suallarımızı cavablandırdı.
– Kanadada Tibb bacısı ixtisasını oxumamışdan əvvəl Azərbaycanda bitirdiyim Tibb Universitetinin diplomunu təsdiqlədib əlavə kurslar götürüb həkimliklə bağlı arzumu gerçəkləşdirmək istəyirdim. Çox maraqlandım, çox adamla, aidiyyati orqanlarla danışdım. Amma başa düşdüm ki, başqa ölkədə tibb üzrə təhsil almısansa, Kanadada bunu təsdiq etdirmək çox çətin prosesdir, keşməkeşli, uzun yoldan keçirsən. İmmiqrant ingiliscəsiylə bunu etmək isə qeyri-mümkünə bərabərdir. Düzdür, mən gələndə ingilis dilim orta səviyyədə idi, amma dilimi təkmilləşdirsəm belə, ailəylə bunun çətin olacağını anladım. Burada kanadalılar həkimliyi oxumağa başlamamışdan əvvəl 4 il bakalavr pilləsini bitirməlidir. İmmiqrant ingilis dili və Azərbaycandakı təhsil sistemində oxuyan, o sistemə öyrəşmiş birinin burada həkimliyi oxuması çox çətindir. Azərbaycandakı Tibb Universitetinin diplomunu təsdiq etmək üçün isə imtahanlar verməli idim. O imtahanları keçmək asan deyil, üstəlik, imtahanı versən belə, təcrübəni, rezidenturanı Kanadanın şimal hissəsində keçməlisən. Başa düşdüm ki, ailə ilə, bu, çətin olacaq və planlarımda dəyişiklik etdim.
– Şimalda nə qədər təcrübə keçmək tələb olunur?
– Sahəsindən asılı olaraq 3-10 il arasında dəyişir. Amma rezidenturadan sonra da gərək qalıb orada bir müddət işləyəsən. Çünki rezidenturadan həmən sonra gəlib digər əyalətlərdə iş tapmaq olmur. Kifayət qədər təcrübən, ümumilikdə Kanada təcrübən olmadığı üçün səni işə almırlar. Bundan başqa, Ontario kimi əyalətlərdə işə qəbulda yüksək rəqabət olduğuna görə işə qəbul zamanı orta məktəbi burada bitirən kanadalıya daha çox üstünlük verirlər. Bu səbəbdən ölkənin şimalında bir müddət işləyərək təcrübə qazanıb sonra iş tapmaq şansı qazanırsan. Bundan başqa, imtahanlara girmək üçün yüksək məbləğdə ödəniş etməlisən. Təkcə imtahan üçün qeydiyyatdan keçməyə 1000 dollar civarında ödəniş tələb olunur. Buna görə də əksər yerli kanadalılar üçün belə, həkimliyi oxumaq çətindir. Məhz bu səbəbdən də Kanadada həkim qıtlığı var. Bütün bu çətinliklərə görə Kanadaya immiqrant kimi gələn həkimlər sənətlərini davam etdirə bilmir və bir çoxu Amerikaya üz tutur. Çünki orada prosedur daha asandır.
– Beləliklə, prosesin əlçatmaz olduğunu görüb tibb bacısı ixtisasına yiyələnmək istədiniz…
– Bəli. Başqa sahə üzrə oxumaq istəmədim. Öz ölkələrində Tibb Universitetini bitirən, bu sahədə çalışanların bir çoxu Kanadaya gələndə tibb bacısı ixtisasını oxumağı özlərinə yaxın buraxmırlar. Amma mənimçün tibb sahəsində çalışmaq bir az başqa anlam verir. Bunu insanlara yardım etmək anlamında qəbul edirəm. Buna görə də düşündüm ki, həkim kimi olmasın, tibb bacısı kimi olsun – əsas odur insanlara yardım edəcəyəm. Uşaqlarla işləməyi sevdiyim üçün düşünürdüm ki, elə burada da uşaqlarla işləyəcəm. Bundan başqa, buradakı tibb bacılarına daha çox məsuliyyət verilir, çünki onların bilikləri də çox olur.
Yeri gəlmişkən, Kanadada iki cür tibb bacısı var. RN (Registered Nurse – Qeydiyyatlı Tibb bacısı) və RPN (Registered Practical Nurse – Qeydiyyatlı Təcrübi Tibb Bacısı). RPN-lər iki il kollec oxuyurlar. RN olmaq üçün isə 2 il kollec oxuyandan sonra 2 il də universitet oxumalısan, ümumilikdə 4 il təhsil alırlar. RN və RPN arasında maaş və məsuliyyət baxımdan fərqlər var. Bəzi prosedurları ancaq RN-lər edə bilərlər. Hətta son illər RN-lərə xəstələrə bir çox dərmanları təyin etmək səlahiyyəti verilib.
– RN oxumaq üçün sıfırdan başlayanlar birbaşa 4 illik təhsilə müraciət etməlidir?
– Bu, istəkdən asılıdır. Bəziləri birbaşa RN-ə müraciət edir və 4 il ardıcıl oxuyur, bəziləri isə RPN-ə müraciət edir, bitirəndən sonra bir müddət işləyir və sonra Bridging proqram götürərərk RN olmaq üçün sənədlərini universitetə təqdim edir və əlavə 2 il də təhsil alırlar.
– Amma sizdə fərqli oldu…
– Bəli. Mənim burada 4 il oxumağıma gərək olmadı. Ontario əyalətində Second Entry Nursing proqramı var. Bu proqrama yalnız tibb bacısı təhsili olmayanlar müraciət edə bilər və sərt tələbləri var. Proqrama uyğun olmaq üçün RPN-də keçirilən 10 kursu (kredit) oxumuş olmalısan. O kurslar fiziologiya, anatomiya, kimya, statistika, fizika və s.dir və sözügedən fənlərdən qiymətlərin yüksək olmalıdır. Həm də ingilis dilində bəlli səviyyədə biliyinin olması şərtdir. Bu tələblərə cavab verənlər müraciət edib burbaşa 2 il RN oxuya bilərlər. Mən də Azərbaycan Tibb Universitetində oxuduğum kursları təsdiq etdirdim və birbaşa RN-i oxudum.
– RPN və RN oxumaq üçün Kanadada daimi yaşayız izni olanlar dövlətdən maddi baxımdan dəstək (OSAP) ala bilirmi?
– Bəli. Ailənin gəlirindən asılı olaraq OSAP-a müraciət etmək mümkündür.
– RN-i bitirəndən sonra rahatlıqla iş tapa bildinizmi?
– Torontoda tibb bacısı ixtisasını bitirənlər üçün iş tapmaq çətin deyil. Tibb bacılarına həmişə yüksək tələbat və nəticədə iş var. Sadəcə, təhsilini yeni başa vurmuş tibb bacılarının tapdığı işlər bir az çətin işlər olur. Təcrübəsi olanların işi seçmək üstünlükləri var, yeni bitirənləri isə işəgötürənlər seçir. Təcrübəsi olanlar rahatlıqla istədikləri işi tapa bilirlər. Məsələn, bir var klinikada çalışırsan, səhər gedib axşam evə qayıdırsan, bir də var, xəstəxanada 12 saatlıq növbəli rejimlə işləyirsən. Gündüz növbəsi səhər 7-dən axşam 7-yə, gecə növbəsi axşam 7-dən səhər 7-yə qədər olur. Tibb bacısı ixtisasını yeni bitirənlər bu cür işləri qəbul etmək məcburiyyətində qalırlar, çünki istədiyin işdə çalışmaq üçün təcrübən olmalıdır.
– Siz hazırda uşaqlarla işləyirsiz?
– Bəli, community nurse kimi Ailə və uşaq departamentində çalışıram. Burada Community Nursing (Cəmiyyət üçün tibbi xidmət) deyilən sistem var. Azərbaycanda bu sistemin eynisi olmasa da, poliklinikalardan həkimlərin gedib uşaqları evlərində yoxlaması oxşar sistemdir. Burada xroniki xəstəlikləri olan, son günlərini yaşayan, amma vəziyyətləri stabil olan uşaqların bir çoxu evdə müalicə alır. Tibb bacıları, sanitar işçilər, lazım olanda həkim valideynlərə kömək məqsədilə o xəstələrə gedib evdə, yaxud məktəbdə baxırlar. Məqsəd xəstəxanaları bir az boşaltmaqdır. Qeyd edim ki, həm böyüklər, həm də uşaqlar üçün belə bir xidmət var və bu xidmətə “community nursing” deylir. Biz tibb bacıları evlərə gedir və 1-2 saatlıq, hətta 7-8 saatlıq evdə eyni xəstəylə məşğul ola bilərik.
Uşaqlarla işləməyi sevdiyimə görə burada oxuyanda uşaqlar üçün tibb bacısı ixtisasını seçdim. O kursu götürdüyümə və Azərbaycanda da pediatriyanı bitirdiyimə görə universiteti bitirdikdən sonra rahatlıqla uşaq departamentində iş tapdım. Qeyd edim ki, uşaqlarla işləmək üçün hər adamı işə götürmürlər.
– Maraqlıdır, nə yaxşı hospitalda çalışmağı deyil, community nursingi seçdiniz?
– Hospitalda işləmək, xüsusilə də kiçik yaşlı uşaqların varsa və nənə-baba köməyi yoxdursa, asan deyil. Hospitalda dediyim kimi, növbəli iş rejimidir və hər növbədə 12 saat çalışırsan və evə çatanda çox yorğun olursan. Hazırkı iş yerimdə isə saatları, hətta xəstələri belə seçmək imkanım var, üstəlik, saatlarım da çox deyil.
– Səhv etmirəmsə, RN-dən sonra bir müddət işləyib, sonra qısa müddətlik təhsil alıb ailə həkimi kimi çalışmaq imkanı var. Bir az bu barədə məlumat verərdiniz, zəhmət olmasa.
-RPN və RN-dən başqa burada üçüncü təbəqə deyilən tibb bacıları da var – NP (Nurse practitioner) deyirlər. NP-lər ailə həkimi kimi çalışa bilirlər. Qeyd edim ki, həkimliyi bitirib ailə həkimi kimi işləyənlərin məsuliyyətinin 95 faizi NP-lərə verilir. Düzdür, maaş bildiyimiz ailə həkimlərinin maaşı kimi çox olmur. Ümumilikdə 4 il RPN və RN üzrə təhsil aldıqdan sonra NP üçün əlavə 2 il magistratura oxumalısan. NP-lər walk-in (görüş almadan üz tutduğumuz klinikalar) klinikalarda çalışıb xəstə qəbul edə bilirlər.
– Bilirik ki, Azərbaycanda Tibb Universitetini oxumaq asan deyil. Buradakı tibb təhsili ilə Azərbaycandakı tibb təhsilini müqayisə edəndə hansı fərqləri gördünüz?
– Çox fərq gördüm. Hətta oxumağa başlayanda şok yaşadım. Düşünürdüm ki, mən Azərbaycanda Tibb Universitetini bitirmişəmsə, Kanadada universitetdə tibb bacısı ixtisasını oxumaq çətin olmaz. Amma oxumaq asan olmadı. Təhsil çox güclüdür və müəllimlər çox tələbkardırlar. Qiymətlər yaxşı olmalıdır ki, universiteti bitirə biləsən. Kanada tibb təhsilində ən çox bəyəndiyim nüans dərslərin praktiki keçirilməsi, bu işdə həqiqətən sənə lazım olanların tədrisidir. Azərbaycanda 6 il universitet oxudum. Bizim oxuduğumuz, öyrəndiyimiz kitabların 80 faizi köhnə, Sovet dövründən qalmış məlumatlar idi. Hətta tez-tez belə bir gülməli halla rastlaşırdıq:müəllimlərimizin bir çoxu mühazirə boyu yeni dərsi başa salırdılar və axırda deyirdilər ki, bunların heç biri hazırda istifadə olunmur. Soruşurduq ki, bəs nə üçün keçirsiniz. İmtahan üçün keçdiyini bildirirdi. Kanadada isə bütün dərslərimiz praktiki olurdu, zamanın tələblərinə cavab verir, üstəlik əllərimizlə, manikenlərlə işləyirdik. Dərslərimizin çoxu laboratoriyalarda keçirilirdi. Hər semestrin sonunda tibb müəssisələrində təcrübə keçirdik. Tibb sahəsini bitirdiyim üçün tibbi terminlər mənə çox çətin gəlmirdi.
– Bəs çətinliyiniz nədə idi?
– Burada kursların 60 faizi araşdırma, etika, mental, danışıq qabiliyyəti (xəstələrlə, qohumları ilə necə danışmaq lazımdır) ilə əlaqəli olur. Bir də elmi məqalələr əsasında çoxlu araşdırmalar edirdik. Mən Azərbaycanda nə orta məktəbdə, nə də Tibb Universitetində oxuduğum dövrdə belə şey görməmişdim. Kanadada bunu yuxarı siniflərdən öyrətməyə başlayırlar. Mənim üçün isə bu, bir yenilik idi. Sənə araşdırma üçün mövzu verirlər və həmin mövzuda ən azı nüfuzlu mənbədən tapdığın 5 məqalə oxumalısan. Həmin məqalələri oxuyub ortaq nəticəyə gəlməli, müqayisəli təhlil etməli və öz sözlərinlə məqalə hazırlamalısan. Bir müddət sonra araşdırmalar yazmağı öyrəndim. Burada kanadalı qrup yoldaşlarımı görəndən sonra başa düşdüm ki, biz azərbaycanlılar çox savadlıyıq. Əminəm ki, qızlarımız, oğlanlarımız bu sahədə təhsil alarkən heç bir çətinlik çəkməyəcəklər. Mənim kimi ilkin vaxtlarda çətinlik çəksələr belə, öyrənəcəklər.
– RN-lə RPN arasında hansı fərq var?
– RN-lərin məsuliyyəti daha çoxdur. RN-lər elə savadlı olmalıdır ki, həkim dozanı düz yazmayanda, yaxud yanlış dərman təyin edəndə, o səhvi tuta bilsin. O səhvi görmədən dərmanı xəstəyə versə, lisenziyasını itirə bilər. Yəni gözünü yumub həkimin yazdığını xəstəyə verə bilməzsən. Bu baxımdan RN-lərin məsuliyyəti çox böyükdür.
– Tibb bacısı kimi işləməyin maaşdan əlavə hansı qazancları var?
– Bir sıra məsləklər kimi, tibb bacısı işləyənlərin də özü və ailəsi üçün sağlıq, diş, masaj sığortası verilir. Bundan başqa, tibb bacısının təqaüd planı üçün də ödəmə edilir. Bəzi mağazalar, əyləncə yerlərinə endirimlər verilir.
– Belə anlaşıldı ki, Azərbaycan Tibb Universitetini bitirənlərin RN oxumaq üçün sıfırdan başlamasına ehtiyac yoxdur, bəs başqa ölkədə tibb bacısı ixtisasını bitirən immiqrantların necə birbaşa RN oxumaq şansları var?
– Azərbaycanda Tibb Universitetini bitirənlər Second Entry proqramına müraciət edib birbaşa RN oxuya bilərlər. Bununla 2 il RPN-i oxumağa ehtiyac qalmır, həm də təhsil haqqına qənaət etmiş olurlar. Əks halda sıfırdan başlayıb oxusalar, 4 il oxumalıdırlar. Second Entry proqramına müraciət üçün Azərbaycanda keçdiyin bütün kurslarını, qiymətlərini təsdiq etdirməli, sənəd işlərinə zaman xərcləməlisən. Bununla da 4 il əvəzinə 2 il oxumaq şansı qazanırsan.
Azərbaycanda tibb bacısı ixtisasını bitirənlər isə Second Entry proqramıyla deyil, başqa proqramla təhsil ala bilirlər. Ontario əyalətinə köçənlər, sənədlərini buradakı Tibb bacısı (qardaşı) kollecinə (College of Nurses of Ontario) təqdim edirlər. Sənədlərin qiymətləndirilməsindən sonra uyğun görülsə, ya birbaşa imtahana göndərir, ya da oxumalı olduğun kursların adlarını verirlər ki, 1-2 semestr oxuyandan sonra imtahan verəsən. İmtahanları verəndən sonra istəsən ya RPN kimi işə başlaya, ya da RN-i oxuya bilərsən. Ümumiyyətlə, hər il qaydalar dəyişilir. Ən düzgün informasiyanı CNO-dan ala bilərsiniz.
Azərbaycanda, yaxud başqa ölkədə tibb təhsili almayanlar isə sıfırdan başlayırlar.
– Universiteti bitirib RN kimi çalışanlara, eyni zamanda müəyyən qədər təcrübəsi olanlara ortalama nə qədər maaş verilir?
– Universiteti yeni bitirən RN-lər saatı minimum 29 dollardan işə başlayırlar. Harada tibb bacısı işləməyindən asılı olaraq aldığın maaş dəyişilir. 29 dollardan başlayırsan və maaş təcrübə, çalışdığın yerdən asılı olaraq saatına 100 dollara qədər qalxır.
Məsələn, xəstə ilə birlikdə hansısa şəhərə, ölkəyə səyahət edən tibb bacıları saatına 65 dollar alırlar. Ümumiyyətlə isə, hər 5 ildən bir maaşı artırırlar. Amma müəyyən məbləğ var ki, ondan sonra artım olmur. Hospitalda çalışanlar da yaxşı maaş alır.
– Tibb bacısı ixtisasını oxumaq istəyən həmyerlilərimizə nəyi tövsiyə edərdiniz?
– Bu sahəni seçmək istəyən həmyerlilərimiz çəkinməsinlər, qorxmasınlıar. Bizim millət çox savadlı, bacarıqlıdır. Burada oxuyanda anladım ki, bizim öyrənmək, analiz etmək qabiliyyətimiz burada təhsil alanlardan daha yaxşıdır. Bizim əskiyimiz ancaq dildir, əgər ingilis dilimizin üzərində işləsək, qalan hər şeyi bacararıq. Əsas ingilis dilini inkişaf etdirməkdir. Düzdür, demirəm o biriləri oxumaq asan olacaq, amma həmyerlilərimizin bacaracağına əminəm. Mən York Universitetini fərqlənmə diplomu ilə (dean’s honour) bitirdim. Mən etmişəmsə, digər həmyerlilərim də bunu bacarar.