Havalar soyuduğundan çoxumuz uşaqlarımızın başlarını qatması, gözəl gün keçirməsi üçün “Haraya aparaq” sualı ilə üz-üzə qalırıq. Bunun üçün ən gözəl və pulsuz başa gələn məkanlardan biri İctimai kitabxanalardakı Uşaq departamentləridir. Qeyd edək ki, hər bir ərazidə ictimai kitabxana var. Burada uşaqlar həm əylənir, həm kitab oxuyur, həm kompyuterlərdə uşaqlar üçün müxtəlif oyunlar oynayır, həm də kitabları oxuyub qaytarmaq şərtilə pulsuz-parasız evə götürürlər. Hətta uşaqları kitabxanalardakı pulsuz şahmat, müxtəlif əyləncəli proqramlara da yazdırmaq imkanı var.
Qeyd edək ki, aşağıda gördüyünüz şəkillər North York Kitabxanasının uşaqlar üçün olan bölməsində çəkilib.
Bəs kitabxanaya necə üzv ola bilərik?
Kimin üçün üzvlük kartı almaq istəyirsinizsə, (özünüz, övladınız, yaxud hər ikiniz üçün) aşağıdakı sənədlər lazımdır:
- Üzvlük kartı almaq istədiyiniz adamın şəxsiyyətini təsdiq edən sənəd;
- Kitabxananın xidmət göstərdiyi ərazidə yaşadığınızı (yaxud oxuduğunuzu, işlədiyinizi) təsdiq edən sənəd.
Kitabxanadan aşağıdakıları pulsuz əldə etmək olur
- 50-yə qədər kitabı qaytarmaq şərtilə evə götürmək
- Musiqi, film disklərini, qəzet və jurnalları evə götürmək
- Elektron kitablara, audio kitablara, müxtəlif araşdırma materiallarına çıxış əldə etmək
- Bəzi çalğı alətlərini (gitara, ukulele, bongo, skripka və s.) icarəyə götürmək
- Kompyuterlərdə işləmək
- Materiallar çap etmək