[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yeni immiqrasiya naziri Bendayan kimdir?

Kanadanın yeni baş naziri Mark Karni, liberal hökuməti yenidən formalaşdırmaq məqsədilə immiqrasiya naziri Mark Milleri kabinetdən uzaqlaşdıraraq onun yerinə Reyçel Bendayanı təyin edib.

Bu kabinet dəyişikliyi, Mark Karninin martın14-ü Kanadanın yeni baş naziri kimi andiçmə mərasimindən sonra baş verib. Millerin yerinə təyin olunan Reyçel Bendayan daha əvvəl Trudo hökumətində rəsmi dillər naziri və ictimai təhlükəsizlik üzrə köməkçi nazir kimi fəaliyyət göstərib. O, Karninin 24 nəfərlik kabinetində yer alan 11 qadın nazirdən biridir.

Bendayan yəhudi əsilli Mərakeş ailəsində doğulub və Kvebekdə böyüyüb. O, McGill Universitetində hüquq üzrə təhsil alıb və 2007-ci ildə kommersiya üzrə məhkəmə çəkişmələri və beynəlxalq arbitraj üzrə ixtisaslaşaraq elmi dərəcə əldə edib. Məzun olduqdan sonra Bendayan Norton Rose Fulbright hüquq firmasında çalışıb və eyni zamanda Montreal Universitetinin Hüquq fakültəsində dərs deyib.

2019-cu ildə millət vəkili kimi parlamentə seçildikdən sonra müxtəlif hökumət vəzifələrində çalışan Bendayan, federal hökumətə qoşulan ilk Mərakeş mənşəli kanadalıdır.

“Kanadanın immiqrasiya siyasətinə yenidən baxılmağa ehtiyac var. Əvvəlki nazir, Kanada cəmiyyətində beynəlxalq tələbələr və onların ailə üzvlərinə qarşı mənfi bir yanaşmanın güclənməsinə səbəb oldu. Ümid edirəm ki, yeni nazir ölkənin immiqrasiya məsələsinə daha müsbət bir ruh gətirəcək”, deyə immiqrasiya vəkili Metyu Makdonald the PIE News-a bildirib.

Bendayanın rəsmi dillər naziri kimi əvvəlki rolunu nəzərə alaraq, Makdonald onun daimi oturum icazəsi (PR) proqramlarında fransız dilinin önəmini vurğulayan IRCC siyasətinə sadiq qalacağını gözlədiyini bildirib.

Bendayanın hüquq sahəsindəki təcrübəsi də onun sələfinin istifadə etdiyi “texnokratik yanaşmanı” davam etdirə biləcəyini göstərir.

Son dövrlərdə Kanadada immiqrasiyaya qarşı mənfi yanaşmanın artması fonunda, Makdonald bildirib ki, Bendayan “Kanadanın keçmişi, bu günü və gələcəyinin immiqrasiya ilə bağlı olduğunu vurğulamaq üçün bu tarixi fürsəti dəyərləndirə bilər”.

Yeni baş nazir Karninin Kanadada mənzil böhranı ilə mübarizə aparmaq, daimi yaşayış üçün artıq ölkədə məskunlaşanlara üstünlük vermək və müvəqqəti xarici işçi sayını azaltmaqla bağlı açıqlamaları, hökumətin immiqrasiya siyasətinin əsasən keçmiş nazir Millerin yanaşmasına uyğun davam edəcəyini göstərir.

Karni hələlik beynəlxalq tələbələrə məhdudiyyətlər qoyacağını açıq şəkildə bildirməsə də, daha əvvəl ali təhsil müəssisələrinin beynəlxalq tələbələrdən həddindən artıq asılı olmasından narahat olduğunu dilə gətirib və ali təhsil sahəsinə daha çox maliyyə dəstəyi ayrılmasını təklif edib.

Kanadanın hazırkı immiqrasiya planına əsasən, hökumət 2027-ci ilə qədər müvəqqəti oturum icazəsi olan immiqrantların, o cümlədən beynəlxalq tələbələrin və müvəqqəti işçilərin ümumi əhali sayının 5 faizindən çox olmamasını hədəfləyir.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp