[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Yunus Məmmədov Toronto Elm Sərgisində bürünc medal qazanıb

8-ci sinif şagirdi Yunus Məmmədov Toronto məktəbləri arasında keçirilən Elm sərgisində “Gələcəkdə hidravlika necə olacaq?” mövzusu üzrə sinif yoldaşı ilə birlikdə hazırladığı “Hidravlik əl” texnologiyasına görə 3-cü yeri tutub və bürünc medal qazanıb. Hər şey təhsil aldığı Villodeyl (Willowdale) orta məktəbindən başlayıb. Keçən ilin noyabrında “Həyat bilgisi” dərsindən müəllim tapşırıq verib və 8-12-ci siniflər arasında yarışma olacağını deyib. Yarada biləcəkləri texnologiyaların siyahısını da şagirdlərə təqdim edib: “Biz də sinif yoldaşımla birlikdə “Hidravlik əl” mövzusunu seçdik. Çünki həmişə robotik əllər mənə çox maraqlı gəlib”.

Şpris və kartondan istifadə edərək “Hidravlik əl”i bir neçə aya düzəldiblər və Villodeyl orta məktəbi üzrə birinci yerə çıxaraq Toronto Elm Sərgisində yarışmaq şansı qazanıblar.

Qeyd edək ki, “Hidravlik əl”, şprislərin içərisinə doldurulmuş su ilə idarə olunur, aşağı, yuxarı, sağa və sola hərəkət edir, həmçinin əl açılaraq, içərisində olan əşyanı buraxır.

Toronto Universitetinin Scarborough kampusunda düzənlənən sərgidə Toronto üzrə 352 nəfər 8-12-ci sinif şagirdi iştirak edib. Hər bölmədə ən yaxşı layihələrə qızıl, gümüş və bürünc medallar verilib. Birinci yer tutan şagirdlər may ayında keçiriləcək Ümumkanada Elm Sərgisində iştirak etmək şansı qazanıblar.

Toronto Elm Sərgisi (TSF) Torontoda Regional Elm Sərgisinə cavabdeh olan təşkilatdır. TSF, Torontodakı bütün şagirdlər üçün yüksək keyfiyyətli elm sərgisi təcrübəsi təqdim etməyi hədəfləyir.

Qeyd edək ki, Yunus həm də Kanadadakı Azərbaycan Evində “Mənim Azərbaycanım” sinfinin şagirdidir. Müxtəlif tədbirlərdə milli rəqslərimizlə Azərbaycanı və Azərbaycan Evini təmsil edir.

 

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp