[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

ABŞ-da biznes qurmaq istəyənlər üçün fürsət – 2-ci HİSSƏ

Amerikaya immiqrasiya

Vüqar Cəfərov: “Müvəqqəti Vizalardan Green Carda keçid hər zaman mümkündür”

Çoxları “imkanlar və arzular ölkəsi” sayılan Amerikada yaşamaq, işləmək, vətəndaş olmaq üçün çalışır. Son dövrlərdə Kanadada baş verən iqtisadi böhran fonunda, kanadalı həmyerlilərimiz arasında da ABŞ-a köçmək istəyənlərin sayı artmaqdadır. Bunu nəzərə alaraq, 15 ildən çoxdur Amerikada immiqrasiya vəkili kimi çalışan Vüqar Cəfərovla müsahibə hazırladıq. Müsahibədə yalnız Kanada vətəndaşı olan həmyerlilərimizin deyil, həm də Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ABŞ-a immiqrasiya ilə bağlı suallarına cavab tapmağa çalışdıq. Sadəcə, Kanada vətəndaşları üçün bəzi vizaları almaq daha asan başa gəlir.

TN Vizası: Kanadalılar üçün Sürətli İş İmkanı 

– Kanadada yaşanan iqtisadi böhranla əlaqədar bir çox yerli kanadalılar kimi, həmyerlilərimizdən də Amerikaya köçmək barədə düşünənlər var. Maraqlıdır, Amerikanın Kanada vətəndaşları üçün nəzərdə tutduğu xüsusi immiqrasiya proqramları varmı?

– Yuxarıda sadaladığım proqramların hamısı kanadalılara da uyğulanır. Sadəcə, NAFTA  (The North American Free Trade Agreement – Şimali Amerika Azad Ticarət Sazişi) sazişinə əsasən, Kanada və Meksika vətəndaşları üçün digər ölkə vətəndaşlarından fərqli olaraq bu proses asanlaşdırılıb. Kanadalılar bir çox viza növlərini sərhəddə müracit edib ala bilirlər. Onlardan ən çox yayılanı TN vizadır. TN vizasına uyğun məsləklər siyahısında mühasiblər, mühəndislər, vəkillər, əczaçılar, elm adamları, müəllimlər və bir çox digər peşə sahibləri yer alır. Sözügedən ixtisaslar üzrə Amerikadan iş təklifi alan Kanada vətəndaşları sadəcə iş təklifi aldığı sənəd və işəgötürənin məktubu ilə sərhəd məmuruna yaxınlaşıb TN vizası əldə edə bilir. Onu da qeyd edim ki, məktub özəl şəkildə yazılmalı, görəcəyiniz işi, həmçinin sizin bacarıqlarınızı təsvir etməlidir. TN vizası 3 illik verilir, Amerikadan çıxmadan bu vizanı vəkil tutaraq 3 il də uzada bilirsiniz. Ya da Amerikadan çıxıb yenidən giriş etdiyiniz zaman əlavə 3 illik də alırsınız.

TN vizası alan Kanada vətəndaşının həyat yoldaşına iş icazəsi və övladına orta məktəbdə pulsuz təhsil almaq hüququ verirmi?

– TN vizalarında ailə üzvlərinə çalışma izni verilmir, amma məktəbyaşlı uşaq dövlət məktəbinə pulsuz getmək izni qazanır.

35 min dollarlıq biznes ilə E-2 vizası

– Vüqar bəy, Kanadada yaşayan bir çox azərbaycanlıların öz biznesi var. Bu qabiliyyət onlara Amerikada da iş qurmaq imkanları verirmi? Konkret olaraq, E-2 investment vizasını almaq istəyən həmvətənlərimiz hansı tələblərə cavab verməlidir?

– Ümumiyyətlə, qeyri-immiqrant vizaları çoxdur. Onlardan ən uyğunu E-2 – kiçik yatırım vizalarıdır. Bu viza növü yalnız kanadalılara deyil, başqa ölkə vətəndaşlarına da şamil edilir. E-2 vizalarında yatırımın miqdarı ilə bağlı sənəd üzərində konkret rəqəm göstərilmir. Amerikanın bəzi ölkələrindəki səfirliklərində isə özləri üçün müəyyənləşdirdikləri bir rəqəm var. Məsələn, deyirlər ki, yatırım 100 min USD-nin altındadırdsa, bunu ciddi qəbul etmirlər. İllər öncə Amerikanın müvafiq qurumunun konsulluqlara, səfirliklərə göndərdiyi yazılarda da miqdar 100 min USD göstərilirdi. Amma qanunda belə bir şey olmadığı üçün sonradan bunu ləğv etdilər. Dedilər ki, insanlar kiçik yatırımla da biznes vizasi ala bilməlidir, önəmli olan biznesin gerçək olması və fəaliyyət göstərməsidir. Biznesə 20 min dollar qoyub qura bilərsiniz, gözəl gəliri varsa, böyük yatırım qoymağa gərək yoxdur. Əsas odur ki, dövriyyə var və uğurludur. Qanunda heç bir rəqəm olmasa da, mən 100 min USD yatırım tövsiyə edirəm, ancaq biznes modelinə görə bu rəqəm dəyişir. Bir misal verim. Tutaq ki, Amerikada 35 min dollara biznes alırsınız. Dörd nəfərdən ibarət ailəsiniz və 4 nəfərlik ailənin aşağı səviyyədə dolanışığı üçün illik 40 min USD lazımdır. Vəkilə, mühasibatlıq və s. yerlərə də 20 min dollarınız çıxacaq. Bu da 95 min USD deməkdir. Əgər 35 min dollarlıq biznes alırsınızsa, bank hesabınızda ən azı 90 min USD gətirməlisiniz. O pulu xərcləmək məcburiyyəində deyilsiniz, sadəcə, Amerikaya bu məbləğdə pul gətirdiyinizi və biznes qurmaqda ciddi olduğunuzu göstərirsiniz. Belə olduqda, adətən viza verirlər. Əsas odur ki, əvvəlki tarixlərdə şirkətin hesabına pul girib çıxsın. Şirkətin kar eləməsi önəmli deyil, çünki siz şirkətin qazanc gətirməsi üçün yatırım edirsiniz. Önəmli olan şirkətin aktivliyi və dövriyyəsinin olmasıdır. Biz belə bizneslər üçün təbii ki, biznes-plan hazırlayırıq. Ümumilikdə, bir biznesin Amerikada ilk 5 ili itkiylə işlədiyini göstərməsi normaldır, amma təbii ki, karla işləməsi daha yaxşı olardı.

– Hansını tövsiyə edərdiniz? Amerikada öz biznesini yaratmaq, ya hazır biznes almaq?

– Bizə biznesi sıfırdan qurmaqla bağlı müraciətlər də çox olur. Bəzi vəkillər deyirlər ki, sıfırdan qurulan bizneslərin qazanma şansı yoxdur. Elə deyil. Sadəcə, mövcud biznesi alanda, proses daha asan və sürətli gedir, çünki biznesin hərəkətdə olduğunu sübut edə bilirsən. Sıfırdan başlayan biznesə gəlincə, sabah o biznesin işləyib işləməyəcəyinə təminat yoxdur. Bu baxımdan mövcud biznesi almaq daha gözəldir. Amma sıfırdan qurulan biznesdə də heç bir problem yoxdur. Biz adətən yeni qurulan biznes müraciətlərdə 2 ay gözləyirik ki, şirkətin işlədiyini sübut edən bank çıxarışlarını sənədlərə əlavə edək. Şirkətin gəliri, müştərisi olmadan müraciət etmirik. Şirkət tam qurulmalıdır, şəkilləri, bank hesabında hərəkətlilik olmalıdır ki, sənədləri müraciət üçün göndərək.

Onu da qeyd edim ki, hər bir ölkədə Amerika səfirliyi fərqli tələblər irəli sürür. Məsələn, Kanadadakı Amerika səfirliyi tələb edir ki, qurduğunuz biznesdə yalnız Kanadadan apardığınız ailə üzvləriniz deyil, ən azı bir nəfər Amerika sakini də çalışmalıdır, amacınız yalnız özünüzü və ailənizi keçindirmək olmamalıdır. Bu, Kanada səfirliyinin yanaşmasıdır. Amma Amerikada dostunuz, qardaşınız, başqa qohumlarınız varsa, onları işə ala bilərsiniz. Onlara güclü maaş verməyinizə gərək yoxdur. Yarım-ştat, yaxud minimum əməkhaqqı da olsa, yetərlidir.

–  Bəs E-2 vizasından Green Carda keçid var?

–  E-2 vizası ilə Amerikada 20 il də qalsanız, Green Card üçün uyğun olmursunuz. İşinizi böyüdüb EB-2-NIW-ya keçiş etməlisiniz, yaxud subaysınızsa, burada evlənib Green Card ala bilərsiniz. Başqa bir variant isə iş təklifi alıb, sonra Green Carda (EB-2 veya EB-3) müraciət etməkdir. Yəni yan kateqoriyalara keçid hər zaman mümkündür.

Onu da deyim ki, əgər Kanada, yaxud Türkiyə pasportunuz varsa, 5 illik limitsiz giriş-çıxış icazəsi ilə E-2 vizası ala bilirsiniz. Amma Azərbaycan pasportuyla ölkədən çıxsanız, qayıdanda E-2 vizanızı təzələməlisiniz. Çünki Azərbaycan pasportu ilə viza, sadəcə 3 aylıq verilir.

Martda H-1B vizasına müraciət başlayır

– Qarşıdan H-1B vizalarına müraciət mövsümü yaxınlaşır. Bir az da bu vizalar barədə danışardınız, zəhmət olmasa.

– Martın ilk həftəsində H1-B vizasına müraciətlər başlayacaq və martın sonunda nəticələr açıqlanacaq. Bu, ildə 1 dəfə lotoreya üsulu ilə keçirilir. H-1B statusı, Amerikada  işəgötürənlər tərəfindən müvəqqəti peşəkar vəzifə təklif olunan şəxslər üçündür. H-1B statusuna uyğun olmaq üçün vəzifənin tələb etdiyi minimum təhsil səviyyəsi müvafiq sahədə bakalavr dərəcəsi və ya daha yüksək olmalıdır. Bu viza ildə 65 min adama verilir. Bu rəqəmə əlavə olaraq, 20 min viza da magistratura təhsili olanlar ucun ayrılır. Yəni magistratura təhsiliniz varsa və işiniz də magistratura dərəcəsi tələb edirsə, müraciətçi çox olduğu halda, əlavə 20 min nəfərə də viza verirlər. Lotoreyada adınız çıxsa, ən tezi oktyabrın 1-dən işə başlaya bilirsiniz.

H-1B vizasını almağın başqa yolları da var. Kanadada qeyri-kommersiya təşkilatınız varsa, dərnəyin Amerikada bir qolunu aça, qeyri-kommersiya araşdırma işləri görə bilərsiniz. Bu zaman rahatlıqla H-1B vizasına müraciət etmək mümkündür. Bu yolla heç bir zaman limitiniz olmur, istədiyiniz vaxt sözügedən vizaya müraciət edə bilirsiniz, üstəlik, lotoreyada iştirak etməyinizə gərək qalmır. Təsdiq aldıqda isə həmən işə başlaya bilirsiniz. H-1B 3 illik verilir və iş yerinizi yenidən lotoreyaya qatılmadan rahatlıqla dəyişmək imkanınız var. Əgər işə bakalavr dərəcəsi ilə girmisinizsə, onun adı EB-3, magistratura dərəcəsi ilə girmisinizsə, EB-2 olur. H-1B-dən Green Carda keçməyin yolu ya EB-2, ya da EB-3-ə keçiddir.

Amerikada şirkəti onlayn da aça bilərsiniz

– Bildiyimiz kimi, bir çox şirkətlər var ki, həm Kanadada, həm də Amerikada fəaliyyət göstərirlər. Bu şirkətələrdə çalışanların Amerikadakı şirkətə transfer alması nə dərəcədə mümkündür?

– Bu, L-1 vizası ilə mümkündür. Həm Kanadada, həm də Amerikada fəaliyyət göstərən şirkətdə çalışan həmyerlilərimiz şirkətdaxili transfer istəyib Amerikaya L-1 vizası ilə gələ bilərlər. Burada yalnız böyük şirkətlərdən söhbət getmir. Məsələn, sizin Kanadada konsaltinq firmanız var, onun bir şöbəsini də Amerikada açmısınız. Amerikadakı şöbə sizi Kanadadan Amerikaya transfer edə bilər. Yəni öz şirkətiniz özünüzü tranfer edir. L1-in üstünlüyü ondadır ki, Green Carda keçid var. Yəni L-1 alandan sonra EB-1C kateqoriyasına keçib Green Card ala bilirsiniz.

Bundan başqa, O-1 vizası da var. Bu viza EB-1-ə çox bənzəyir. Şərtləri aşağı-yuxarı eynidir, amma sizə Green Card deyil, 3 illik viza verirlər. 3 ili sonradan 6 ilə kimi uzada bilirsiniz. O-1 alan insanların EB-1 alması çox asandır. Çünki kateqoriyadakı tələblər təxminən eynidir. Öz şirkətinizi aça və öz şirkətiniz sponsorluq edərək sizə O-1 vizası ala bilər. Belə ki, Kanadada biznesi olan adam Amerikada biznesini açır və buradakı şirkəti onu O-1 vizası ilə Amerikaya gətirə bilir. Onu da deyim ki, Amerikada şirkət açmaq üçün burada olmağınıza gərək yoxdur. Bunu məsafədən onlayn da edə, yaxud turist kimi maşınla, təyyarə ilə Amerikaya daxil olub, şirkəti açıb geri qayıda bilərsiniz. Bildiyiniz kimi, turist kimi hər girişdə Kanada vətəndaşlarına 6 aylıq viza verilir. EB-1-in qeyri-immiqrant versiyası olan O-1 vizasını da həmyerlilərimizə tövsiyə edirəm.

Ümumiyyətlə, qeyd etdiyim kimi, Amerikada A-dan Z-yə viza növləri var. Daha çox hansı viza növünə uyğun gəldiyinizi bilmək üçün immiqrasiya vəkilinin məsləhətini almağınız önəmlidir.

Yazının birinci hissəsi ilə bu linkdən tanış ola bilərsiniz.

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp