Amerikada yaşayan immiqrasiya vəkili Vüqar Cəfərov bütün sahələr üzrə müraciət edə biləcəyiniz viza növlərindən danışdı
Çoxları “imkanlar və arzular ölkəsi” sayılan Amerikada yaşamaq, işləmək, vətəndaş olmaq üçün çalışır. Son dövrlərdə Kanadada baş verən iqtisadi böhran fonunda, kanadalı həmyerlilərimiz arasında da ABŞ-a köçmək istəyənlərin sayı artmaqdadır. Bunu nəzərə alaraq, 15 ildən çoxdur Amerikada immiqrasiya vəkili kimi çalışan Vüqar Cəfərovla müsahibə hazırladıq. Müsahibədə yalnız Kanada vətəndaşı olan həmyerlilərimizin deyil, həm də Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın ABŞ-a immiqrasiya ilə bağlı suallarına cavab tapmağa çalışdıq.
HANSI VİZALARIN LƏĞVİ GÖZLƏNİLİR?
– Vüqar bəy, Trampın hakimiyyətə gəlişi hazırda Amerikada yaşayan və hələ vətəndaşlıq almayan, həmçinin Amerikaya gəlmək istəyən immiqrantlar üçün nə vəd edir? Amerikaya immiqrasiya üçün mövcud olan hansısa vizaların, proqramların ləğvi gözlənilirmi?
– Tramp administrasiyası düşünür ki, Amerikanın daha çox müxtəlif sahələrdə istedadı olan insanlara ehtiyacı var. Açıq deməsələr də, Amerikanin quruluş tarixindən bu tərəfə gələn Amerika anlayışını geridə qoymaq istəyirlər. 1883-cu ildə yazılan və Azadlıq Heykəlinin üzərinə həkk olunan şeirdə “yorğunlarınız, kasıblarınız, özgür nəfəs almaq həsrəti çəkən qruplarınız gəlsin” deyilir. Amma indi yalnız bacarığı, istedadı, təhsili, məsləyi olanları Amerikaya dəvət edən mesajlar verilir.
Bildiyimiz kimi, hər il keçirilən lotoreya Green Cardında (Yaşıl kart – Amerikada daimi yaşamaq üçün verilən sənəd – L.M.) iştirakçılardan yalnız orta məktəbi bitirmək və ya 2 illik iş təcrübəsi tələb olunurdu. Heç bir kollec, yaxud ali təhsiliniz olmasa belə, şansınız varsa, adınız lotoreyada çıxırdı və siz Amerikada daimi yaşama izni – Green Card alırdınız. Amma görünən budur ki, Tramp sözügedən Green Card növünü ləğv etmək istəyir. Çıxışlarında qeyd edir ki, hətta iki illik kollec təhsili olanlara da Green Card veriləcək.
Bundan başqa, UNCHR (the United Nations High Commissioner for Refugees) yoluyla Amerikada siyasi sığınacaq, qorunma istəyən insanlarla bağlı proqram Tramp hakimiyyətə gələn kimi dayandırıldı. Qeyd edim ki, bu proqramla Amerika xaricində yaşayan və sığınacaq üçün müraciət edənlərə Green Card verilirdi. Əvvəllər bu yolla Amerikada daimi yaşayış statusu alanlar ildə 100 min nəfərdən çox olurdu. Sonradan bu rəqəmi 70 minə, ardınca 10 minə saldılar. İndi isə Amerika ölkə xaricindən qaçqın almır. Onu da qeyd edim ki, bu, Amerikanın daxilində sığınacaq üçün müraciət edən qaçqın statusunda olanlara şamil olunmur. Onların statusu tanınır.
Bundan başqa, ailə üzvlərini Amerikaya gətirməklə bağlı qoyulan gözləmə müddəti uzadılıb. Əgər 2015-ci ildə Amerika vətəndaşı bacısını-qardaşını buraya gətirmək üçün 13 il gözləyirdisə, bu il bu rəqəm 17 ilə qaldırılıb. Həyat yoldaşınız, valideynləriniz, 21 yaşın altında olan subay övladlarınızdan əlavə, kateqoriyasından asılı olaraq, digər qohumlarınızı gətirmək üçün, gözləmə müddəti 7 ildən 17 ilə qədər uzadılıb.
Qısa olaraq, indiki hakimiyyət, uzaq qohumların ailə sponsorluğu, lotoreya Green Cardın yerinə daha çox təhsilli, ixtisaslı adamlara üstünlük verməyi düşünür. Hətta Kanadada uyğulanan bal sisteminin tətbiq ediləcəyi deyilir.
TƏLƏBƏ VİZANIZ VARSA, EHTİYATLI OLMALISINIZ
– Kanadayla bağlı immiqrasiya proqramlarına keçməmişdən əvvəl, mümkündürsə, ümumi viza proqramlarından danışardıq. Çünki Azərbaycandan və Avropadan olan oxucularımız arasında Amerikaya immiqrasiya etmək istəyənlər də var. Amerikaya immiqrasiya etmək üçün hansı viza növləri var?
– Amerikaya immiqrasiya üçün sözün həqiqi mənasında A-dan Z-yə qədər viza növləri var. Ümumiləşdirsək, Amerikada iki tip viza var; immiqrant və qeyri-immiqrant vizalar. Qeyri-immiqrant vizalar keçici, yəni 1-3 il aralığında yaşamaq izni verən vizalardır. İmmiqrant vizalarında isə siz Green Card alırsınız. Green Carddan sonra da vətəndaş ola bilirsiniz. Qeyri-immiqrant vizalar 2 yerə ayrılır – tək niyyətli və ikili niyyətli (single intent və dual intent) vizalar. Məsələn, tələbə vizası olan F-1 vizaları tək niyyətli viza növünə aiddir. F-1 vizası ilə Amerikaya gəldiyiniz zaman bu ölkədə qalmayacağınıza, qayıdıb gedəcəyinizə söz verirsiniz. Tələbə vizasındaykən Green Carda müraciət etsəniz və ölkədən çıxıb geri gəlməyə çalışsanız, sərhəddə problem yaranacaq. Çünki Green Carda müraciət etdiyiniz üçün ölkədə qalmaq niyyətinizin olduğunu bəyan edirsiniz, amma siz ölkədə qalmayacağınıza söz vermisiniz.
Bəzi vizalar isə ikili niyyətlidir (dual intent). Bu vizayla həm öz ölkənizə gedib geri qayıda, həm də daimi yaşayış üçün Green Carda müraciət edə bilərsiniz. Məsələn, çalışma izni verən H-1B, O-1, yaxud L-1 vizanız varsa, onunla Green Carda müraciət etdiyiniz təqdirdə ölkəyə giriş-çıxış edə bilərsiniz. Buna görə sərhəddə sizə heç bir problem yarada bilməzlər. Bu məsələrdə diqqətli olmaq lazımdır.
10 KRİTERİYADAN 3-nü QARŞILAYIRSIZSA…
– Vüqar bəy, ən çox istifadə edilən və həmyerlilərimizə məsləhət gördüyünüz viza növləri hansılardır?
– Ən çox məsləhət gördüyüm immiqrant vizaları qalmaq niyyətli viza növləridir. Onlara EB vizalar deyirik. EB vizaların ən yüksək olan kateqoriyası EB-1 kateqoriyasıdır. Türklər buna Eynşteyn vizası deyirlər. Bu, ən üst kateqoriyadır. Oskar, Plutzer və olimpiya medalları kimi yüksək mükafat alan şəxslər və ya qanunda göstərilən 10 şərtdən ən az 3-nə cavab verənlər üçün ayrılmış vizadır. Qısacası, bu viza növündə ya bir şərti yerinə yetirəcəksiniz, ya da bu şərt qarşılanmadığı təqdirdə 10 kriteriyadan üçünə uyğun olmalısınız. Əgər olimpiya medalınız varsa, EB-1 vizası almaq üçün sizin hansısa başqa sənəd göstərməyinizə ehtiyac yoxdur. Məsələn, kimsə yanıma gəlib dünya, Avropa, ya da Azərbaycan uzrə cüdo çempionu olduğunu desə, onun sadəcə medalını göstərməklə birbaşa Green Carda müraciət edirik. Azərbaycanda şahmat, cüdo, güləş, boks və gimnastika sahəsində çox bacarıqlı insanlarımız var. Əgər belə insanların olimpiya medalları, Avropa, bölgə, ya da ölkə birincilikləri varsa, rahatlıqla Green Carda müraciət edə bilərik. Əgər medalları yoxdursa, o zaman aşağıdakı 10 kriteriyadan 3-nü isbatlamalıyıq.
Birinci şərt, fəaliyyət sahənizdə yerli və ya beynəlxalq səviyyədə tanınan mükafat almaqdır.
İkinci, sahəniz üzrə fəaliyyət göstərən hansısa milli və ya benəlxalq professional təşkilata üzv olmaqdır. Məsələn, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Güləş Federasiyası və s.
Üçüncü, sizin haqqınızda fəaliyyət sahənizlə əlaqədar mediada məqalə yayımlanmalıdır. Məsələn, Kanadada yaşayan Azərbaycanın ən tanınmış jurnalisti. O məqalə ya bioqrafik şəkildə olmalı, ya da öz sahəsinin bilicisi, eksperti kimi sizin məsləhətləriniz soruşulmalıdır. Məsələn, Azərbaycanda mətbuatın problemi ilə bağlı danışmalısınız.
Dördüncü, sizin sahənizdə olan hər hansı yarışmada hakim, yaxud jürinin üzvü olmalısınız.
Beşinci, fəaliyyət sahənizə aid mühüm əhəmiyyət kəsb edən orijinal elmi, akademik, bədii, idman və ya biznes yönümlü töhfələr verməlisiniz.
Altıncı, əsas media orqanlarında məqalə yayımlamalısınız. Məsələn, jurnalist kimi müraciət edirsinizsə, savaş bölgəsində jurnalistika mövzusunu işıqlandıra bilərsiniz.
Yeddinci, xüsusən incəsənət sahəsindəsinizsə, əsərlərinizin sərgidə təqdim olunması şərtdir. Məsələn, biz kino aktyorları ilə işləyəndə, İMDb-dəki (Internet Movie Database – İnternet Kino Bazası) listinqlərinə, reytinqlərinə baxırıq.
Səkkizinci, çalışdığınız təşkilatda mühüm rolunuzun olması (critical role). Məsələn, Azərbaycanda SOCAR-da region üçün önəmli olan Bakı-Ceyhan layihəsinin meneceri olmusunuz.
Doqquzuncu, fəaliyyət sahənizdə başqaları ilə müqayisədə yüksək maaş və ya digər əhəmiyyətli dərəcədə yüksək ödənişlər almısınız.
Onuncu, öz sahəniz üzrə ticari uğur (commercial success) qazanmağınızdır.
Qeyd edim ki, EB-1 ilə sizə birbaşa Amerikada yaşamaq haqqı verən Green Card alırsınız və üstünlüyü də odur ki, nəticəni 15 günün içində əldə edirsiniz.
– EB-1 vizasında sahə limiti varmı?
– Heç bir sahə limiti yoxdur. Təhsil, elm, incəsənət, biznes, idman, jurnalistika, rejissorluq – bütün sahələr üzrə EB-1-a müraciət edə bilərsiniz. EB-1 ən yüksək səviyyə (extraordinary ability) deməkdir.
Biz Azərbaycanı gözəl tanıdığımız üçün Azərbaycandan olan bəzi müştərilərimizə bu vizanı almışıq. Amma təəssüflər olsun ki, Azərbaycandan EB-1 vizasına çox az sayda adam uyğun gəlir. Bunun da təcrübəmizə əsasən qarşılaşdığımız aşağıdakı səbəbləri var. İlk növbədə Azərbaycanda mediada işıqlandırma çox zəifdir. Məsələn, Azərbaycandan kimsə dünyadakı hansısa yarışda mükafat alır, amma o yarışın mediada işıqlandırılması yoxdur. İkincisi, mediada istifadə edilən yazı üslubu bu işi çətinləşdirir. Deyək ki, Azərbaycanda hansısa biznes yarışma barədə yazırlar ki, “Azərbaycanda biznesi olan hər kəs bu yarışa qatıla bilər”. Amerikanın şərtlərində hər kəsin qatıldığı yarış nüfuzlu sayılmır. Yaxud yazılır ki, “filan yerdə fəaliyyət göstərən çoxsaylı uğurlu azərbaycanlılardan biri”. Sırf çoxsaylı sözünə görə sizin müraciətinizi rədd edə bilirlər. Çoxsaylı o deməkdir ki, siz bu sahədə barmaqla sayılacaq azərbaycanlılardan deyilsiniz. “Nadir azərbaycanlılardan biri”, “az sayda azərbaycanlılardan biri” yazılsa, bu, sözügedən viza növündə işimizə yaraya bilər. Bundan başqa, öz professional sahəndə çalışanlardan daha çox maaş aldığını isbatlamalısan. Amma Azərbaycanda maaş anketi (salary servey) yoxdur.
Qısacası, Azərbaycan vətəndaşının EB-1viza ala bilməsi üçün mütləq Azərbaycan gerçəklərini bilən vəkillə çalışması lazımdır.
MAGİSTRATURA VƏ PHD DƏRƏCƏSİ OLANLAR ÜÇÜN GREEN CARD
– EB-2/NIW vizası üçün hansı şərtlər tələb olunur?
– Müstəsna qabiliyyət tələb edən EB-2 Green Card vizasına həm də National Interest Waiver Green Card vizası deyilir. Bu vizanı almaq üçün magistratura, PHD və ya başqa yüksək akademik dərəcən olmalıdır və sübut etməlisən ki, məşğul olduğun sahə Amerikanın maraq dairəsindədir. Amma təkcə sahədən deyil, həm də sizin öz işinizdən söhbət gedir. Məsələn, həkim çalışdığı tibb sahəsinin Amerika üçün çox önəmli olduğunu deyə bilər. Amerika hökuməti isə yalnız tibb sahəsinin onun marağında olmadığını, əsas sizin gördüyünüz işin Amerikanın milli marağına necə xidmət edəcəyini soruşa bilər. Bu proqramın iki şərti var. Birincisi, yüksək təhsil, digəri gördüyünüz işin önəmli milli faydasının olmasıdır.
– Önəmli milli fayda deyəndə konkret olaraq nə nəzərdə tutulur?
– Məsələn, COVİD dönəmində Azərbaycanda yoluxucu xəstəliklər sahəsində çalışan, araşdırmaları olan həmyerlimiz üçün EB-2 vizasına müraciət etdik. Həmyerlimiz Amerikadakı universitetlerdə yoluxucu xəstəliklərlə bağlı təqdimatlar etmişdi. Biz göstərdik ki, o xanımın sahəsi Amerika üçün çox önəmli olduğu üçün onu buradakı toplantılara çağırırlar.
Digər həmyerlimiz Amerikadakı universitetlərdən birində magistraturanı bitirib Almaniyada məlumatların məxfiliyi (data privacy) sahəsində vəkil kimi çalışırdı. Müraciət edəndə bildirdik ki, Amerikada məlumatlar yeni çıxan texnologiyalar vasitəsilə oğurlanır və bu sahədə hər zaman mütəxəssis əksikliyi var. Göstərdik ki, həmyerlimizin araşdırma yazılarının hamısı bu sahə ilə əlaqəlidir və Amerika üçün çox önəmlidir. Hər iki həmyerlimizə asanlıqla EB-2 vizası aldıq.
BU VİZA NÖVLƏRİNDƏ İŞ TƏKLİFİNƏ EHTİYAC YOXDUR
– Bu vizalar üçün Amerikada sponsora, iş təklifinə ehtiyac varmı və vizaya müraciətdən nə qədər müddət sonra cavab alırsan?
– EB-1 və EB-2/NIW üçün sponsora ehtiyac yoxdur, özünüz özünüzə sponsor olursunuz, heç bir iş təklifinə gərək qalmır. EB-2/NIW vizası üçün öz ölkənizdə oturub 45 gün içərisində təsdiq alırsınız. Onu da deyim ki, 45 gün içərisində cavab almaq üçün 2805$ dövlət rüsumu ödəməlisiniz, əks halda, proses 1-2 il sürə bilər. Amma bir məsələ var ki, 45 gün içərisində təsdiq alsanız belə, vizanı həmən əldə edə bilmirsiniz. Vizanı əldə etmək zaman alır. Çünki Amerikada hər il hansı kateqoriya üzrə nə qədər viza veriləcəyinə hökumət qərar verir. Hazırda EB-2/NIW kateqoriyası üzrə 2023-cü il aprel ayından əvvəlki müraciətlərə baxılır. Bu rəqəm hər ay dəyişilir. Bəzən sürətlə qabağa, bəzən geri gedir. İki-üç ildən bir isə bunu sıfırlayırlar, müraciətiniz həmin vaxta düşsə, həmən təsdiq ala bilirsiz.
EB-1 vizasında isə viza gözləmə müddəti yoxdur. Qəbul alandan bir müddət sonra Amerikaya viza əldə edirsiniz.
– Bəs iş təklifi ilə Amerikaya immiqrasiya hansı proqramlarla həyata keçirilir?
– EB-2 daimi viza və EB-3 vizaları üçün sponsor, iş təklifi olmalıdır və Green Card verilir. Bu vizalar, əsasən 4 illik təhsil tələb edən məsləklər, peşəkar vəzifələr üçün nəzərdə tutulub və proses 2-3 il çəkir. İş təklif edən şirkətin sizə maaş verə biləcək səviyyədə gəliri olmalıdır və bu gəliri dövlətə göstərməlidir. Yalnız böyük şirkətlər deyil, kiçik şirkətlər də iş təklifi edə bilərələr, amma dediyim kimi, göstərdiyi gəlir sizin maaşınızı ödəyəcək səviyyədə olmalıdır.
EB-3 kateqoryasında heç bir təhsili olmayan insanlar da Green Carda müraciət edə bilər. Amma təhsilsiz namizədlər üçün bu proses bir az daha uzun – 4-5 il çəkə bilər.
DİN ADAMLARI ÜÇÜN PR CARDA APARAN YOL
– Deyəsən, Amerikanın din adamları üçün nəzərdə tutduğu viza növü də var…
– Bəli. EB-4 vizası din adamları üçün nəzərdə tutulub. Bu sahədə Afrikadan, Cənubi Amerikadan çox adama kömək etmişik. Mollalar, rahiblər, papazlar, ravvinlər, monaxlar və digər din xadimləri sözügedən proqramla Amerikaya viza ala bilərlər. Amerikada din çox geniş tanımlandığı üçün bu viza ilə gələnlərə birbaşa Green Card verir. Bunun üçün Amerikadan hansısa bir dini qrup, təriqət tərəfindən dəvət kağızı olmalıdır.
– İnvestisiya yolu ilə necə, Green Carda müraciət etmək olur?
– Bəli, EB-5 vizaları böyük biznes yatırımları üçündür və Green Card alırsan. Böyük biznes yatırımları dedikdə, söhbət 800 min-1 milyon USD-nin üzərində olan yatırımlardan gedir. Proses 1-2 il arası çəkir.
– Sadaladığınız EB vizalarında ailə üzvlərinə də Green Card verilirmi?
– EB1-dan tutmuş EB-5-ə qədər bütün viza kateqoriyaları daimi yaşayış üçün verilən vizalardır və ailə üzvlərinin hamısı Green Card alır. Buraya həyat yoldaşı və 21 yaşın altında ailə qurmamış övladlar daxildir. Həyat yoldaşı başqa ölkənin vətəndaşı olsa belə, o da alır. Green Card aldıqdan 4 il 9 ay sonra isə vətəndaşlığa müraciət etmək olur.
Müsahibənin ardı var.
İmmiqrasiya vəkili Vüqar Cəfərovla növbəti müsahibədə aşağıdakı mövzularda danışmışıq.
- Martda H1B vizasına müraciət başlayır
- Amerikada şirkəti onlayn da aça bilərsiniz
- 35 min dollarlıq investisiya ilə E-2 vizası
- Kanadalı biznesmen Amerikada biznesini aça və buradakı şirkəti onu O-1 vizası ilə Amerikaya gətirə bilər.
Yazının 2-ci hissəsi ilə bu linkdən tanış ola bilərsiniz.