[sonaar_audioplayer albums="latest" progress_bar_style="default" wave_bar_width="1" wave_bar_gap="1" player_layout="skin_boxed_tracklist" tracklist_layout="list"][/sonaar_audioplayer]

Green Carda aparan viza növünə müraciət başlayıb  

Amerika viza

Vüqar Cəfərov indiki administrasiya tərəfindən H-1B vizasına edilən dəyişikliklərdən danışdı

Martın 7-dən dünyanın müxtəlif yerlərindən H-1B vizasına müraciətlər başlayıb. Martın 24-nə qədər davam edən müraciətlər zamanı ən çox edilən səhvlər, diqqət edilməli məqamlar, yeni adminstrasiya tərəfindən bu viza növünə edilən dəyişikliklər və s. ilə bağlı suallarımızı 15 ildən çoxdur Amerikada immiqrasiya vəkili kimi çalışan Vüqar Cəfərov cavablandırdı.

– H-1B vizası nədir və qəbul almaq üçün hansı şərtlər tələb olunur?

– H-1B professional işlər üçün nəzərdə tutulmuş viza növüdür. Professional iş dedikdə, yüksək ixtisaslaşmış biliklər toplusunun nəzəri və praktiki tətbiqini gərəkdirən işlər nəzərdə tutulur. Eyni zamanda, təklif aldığınız işə uyğun, ən azı bakalavr dərəcəniz olmalıdır. Bu qayda bu ildən tətbiq edilir. Məsələn, əvvəllər mühasib işləmək üçün beynəlxalq iqtisadiyyat, ümumi iqtisadiyyat sahəsində təhsiliniz olduğu halda, heç bir problem yaranmırdı. Amma yeni qaydalara görə, bu, çətin olacaq. Doğrusu, yeni qaydanı tətbiq etmədiyimizdən hələ necə olacağını tam bilmirik. Düşünürük ki, mühasib işi üçün təklif almısınızsa, mühasibat üzrə təhsil istəyəcəklər. Eyni zamanda, sizin çalışmaq istədiyiniz iş üzrə marketdə ən azı bakalavr dərəcəsi tələb olunmalıdır. Yəni siz istənilən iş üçün, “bu işdə bakalavr tələb olunur” deyib o iş üzrə H-1B-yə müraciət edə bilməzsiniz. Çünki sənədləriniz incələnərkən marketdəki tələblərə baxılacaq. Amma daha yüksək təhsiliniz – magistratura, yaxud PHD-niz varsa, o da keçərlidir.

Başqa bir maraqlı nüans da var. Əgər təhsiliniz yoxdursa, 1-3 qaydasından yararlana bilərsiniz. Bu, 1 illik təhsilə bərabər tələb olunan əlaqəli sahə üzrə 3 illik iş təcrübəsinin olması deməkdir. Yaxud 4 illik bakalavr dərəcəsi tələb edən işdə eyni sahə üzrə 12 illik təcrübənizdən istifadə edə bilərsiniz. Amma onu da qiymətləndirmək lazımdır. Çalışdığınız şirkətlərdən məktub alırıq, müdiriniz orada nə iş gördüyünüzü təsvir edir və biz onu Amerikadakı qiymətləndirmə agentliyinə göndəririk.

– Kanada da daxil olmaqla, digər ölkələrdə yaşayan və təhsil alanlar da sözügedən vizaya müraciət edə bilərmi?

– Dünyanın istənilən yerindən tələblərə cavab verən istənilən adam müraciət edə bilər. Namizədin təhsil aldığı müəssisə öz ölkəsində akkreditə olunubsa, leqaldırsa, diplomu H-1B vizası üçün qəbul edilir. Sadəcə, diplomu Amerika şirkətləri tərəfindən təsdiq etdirməlisiniz. Bu da çox rahat və ucuz başa gələn prosesdir. Diplomunuzun Amerika şərtlərində, məsələn, statistika üzrə bakalavr diplomu sayılıb sayılmadığını yoxlayırlar. Biz müştərilərimizə tövsiyə edirik ki, yalnız diplomları deyil, transkriptləri də bütün kurslar üzrə təsdiqlətsinlər. Çünki bəzən işinizə baxan məmur dəqiqləşdirmə üçün onu da istəyə bilər. Hətta bəzən hər bir kursun ayrıca xarakteristikasını – həmin kursda nələrin öyrənildiyini də istəyirik.

– H-1B vizası üçün illik kvota nə qədərdir?

– İllik kvota 65 mindir. Magistratura və daha yüksək təhsili olanlar üçün əlavə 20 min yer ayrılır. Onu da qeyd edim ki, H-1B vizası üçün bəzi sahələrdə nə kvotaya, nə püşkatmaya, nə də zaman məhdudiyyətinə ehtiyac yoxdur, ilin istənilən vaxtı müraciət edə bilərsiniz. Ali təhsil müəssisəsi və ya onunla əlaqəli qeyri-kommersiya təşkilatları, qeyri-kommersiya tədqiqat mərkəzləri və ya dövlət tədqiqat təşkilatı üçün müraciət edilən və ya orada işləyənlər kvota ilə məhdudlaşdırılmırlar. Təhsil müəssisəsində akademik mövqe olmasa belə, universitetdən en az bakalavrs tehsili gerektiren hər hansı iş təklifi almağınız yetərlidir ki, ilin istənilən vaxtı H-1B vizasına müraciət edəsiniz.

Araşdırma yönümlü Qeyri Hökumət Təşkilatları da Amerikada filiallarını açıb özləri özlərinə sponsorluq edərək Amerikaya sözügedən vizayla gələ bilərlər.

– Müraciətdən təsdiqə qədər bütün proses adətən nə qədər çəkir?

– Bu il prosesə martın 7-də başlanıldı və martın 24-nə qədər müraciət üçün vaxt  verilir. Bu zaman H-1B vizası almaq istəyən şəxs və onu işə dəvət edən işəgötürən müraciət sorğusunu doldururlar. Martın 24- 31-i aralığında püşkatma keçirilir və püşkatmada adlar çıxır. Püşkatmada adları çıxanlara sənədlərini göndərmək üçün aprelin 1-dən iyun ayının sonuna kimi zaman verilir. Apreldə göndərilən müraciətlərə adətən may ayının ortalarında cavab gəlir. İşinizə ən tez oktyabrın 1-də başlaya bilirsiniz. Könüllü Praktiki Təliminiz (OPT) varsa və oktyabrın 1-dən əvvəl vaxtı bitirsə, H-1B-də püşkatmada seçilmisinizsə, avtomatik olaraq OPT-niz ondan sonrakı ilin aprelin 1-nə qədər uzadılır.

Bəzi hallarda işinizə baxan məmur sizdən daha çox sübut istəyə bilər. Belə olan halda 2-3 ay gecikmə mümkündür. Hətta proseslərin dekabr, növbəti ilin martına qədər uzanmaq ehtimalı var. Onu da qeyd edim ki, proses çox uzun sürərsə, əlavə rüsum ödəyib sürətləndirmə istəyə bilərsiniz.

– İşəgötürən H-1B namizədinə sponsorluq etmək üçün hansı addımları atmalıdır?

– İş məsələsində anlaşmaq lazımdır, amma rəsmi səviyyədə anlaşmaya ehtiyac yoxdur. Vizaya müraciət edənlə yanaşı, işəgötürən də 5-6 sadə sualı cavablandırmalıdır, sizi hansı vəzifəyə işə alacağını və işin professional vəzifə olduğunu və s. qeyd edir. Adınınz lotoreyada çıxdığı təqdirdə, işəgötürənin vəzifəsi həmin iş üçün nəzərdə tutulan minimum əməkhaqqını sizə ödəməkdir və sizə öncədən dəqiqləşdirilmiş məkan xaricində çalışdırmamalıdır. Çünki Amerikanın fərqli bölgələrində müxtəlif vəzifələr üçün minimum əməkhaqqı fərqlidir.

– Viza neçə illik verilir?

– İlk etapda 3 illik verilir, amma 3 ildən sonra əlavə 3 il də uzada bilirsiniz. Eyer bu muddette green card prosesi baslatsaniz, o zaman 1 illik inkrimentlerle, 6 ilin uzerinde, uzatmalar da ala bilersiniz.

– H-1B müraciətlərinin ən çox rədd edilmə səbəbləri hansılardır?

– Rədd edilmələrin səbəbi çoxdur. Amma təcrübəmə əsasən, qarşılaşdığım başlıca səbəbləri sadalayacam. Birinci səbəb vəkildən məsləhət almadan lotoreyaya qatılmaqdır. Bu zaman edilən kiçik bir səhvi sonradan vəkil belə düzəldə bilmir.

Çoxları düşünür ki, lotoreya üçün sorğudakı sualları cavablandırmaq asandır. Həqiqətən də çox asandır. Toplam 6-7 xananı doldurub lotoreyada iştirak edə bilirsiniz. Amma elədiyiniz kiçik bir səhv lotoreyada seçilsəniz belə, növbəti mərhələdə sizi pis vəziyyətdə qoyur.

İkinci səhv yanlış ONET iş kodunu seçməkdir. Bir çox hallarda işin tələbləri dövlətin verdiyi kodla uyğun gəlmir. Adları lotoreyada çıxır, sevinə-sevinə bizə zəng edir ki, H-1B üçün müraciət edək. Amma bu mümkün olmur.

Üçüncüsü, yanlış təhsil pilləsi göstərməkdir. Məsələn, magistratura təhsili tələb edilməyən iş üçün təhsil kimi magistraturanı seçirlər. Namizədin adı lotoreyada çıxır və uyğun gəlmədiyini səbəb gətirərək rədd edirlər. Düzdür, bundan sonra  namizədinşikayət etmək haqqı olur, amma qəbul almaq şansı çox azdır.

Bundan başqa, işəgötürənin işçinin maaşını ödəmək gücündə olub olmadığına baxıb məsləhət veririk. Bəzən işəgötürənlərin ödəmə gücü analiz olunmadan müraciət edirlər. Onda da rədd cavabı ala bilərlər.

Keçmişdə H-1B vizasıyla çox işçi (50 faizdən çox) alan şirkətlərlə H-1B-yə müraciət edəndə də diqqətli olmaq lazımdır. Bu da müraciətçilərin rədd cavabı almaqlarının səbəbləri arasındadır.

– Əgər H-1B vizasıyla çalışan adam işini itirərsə, nə baş verir?

– İşini itirdikdə sizə 60 gün vaxt verilir. Bu, o deməkdir ki, 60 gün ərzində Amerikada yaşamağınız qanunidir. Bu müddət ərzində bir neçə yolunuz var. Birinci yol, H-1B-nin bütün tələblərinə uyğun başqa bir iş tapıb lotoreya xaric bütün proseslərdən yeni şirkətlə keçirsiniz. Müraciətinizə cavab gələnə qədər tapdığınız işdə çalışmağa davam edirsiniz. İkinci yol, 60 gün ərzində başqa vizaya keçid etmək olar. Bu zaman vəkil sizin profilinizi dəyərləndirməlidir. Ola bilər O-1, yaxud L-1 vizasına, yaxud E-2-yə uyğun gələ bilərsiniz. Heç bir seçiminiz olmadığı halda, vaxtı uzatmaq, statusunuzu qorumaq  üçün 6 aylıq turist  vizasına keçid etmək mümkündür.

– Bəs H-1B vizasının daşıyıcısı heç bir problem olmadığı halda könüllü surətdə işini dəyişə bilərmi?

-Bəli, dəyişə bilər. Hətta işdən çıxmadan, başqa işlərə müraciət edib müsbət cavab aldıqda, iş yerini dəyişə bilər. Hətta yeni iş yeriniz üçün yenidən H-1B vizasına müraciət edib müsbət cavab almamış da yeni işə başlamaq olar. Amma bu zaman risk etmiş olursunuz. Çünki yeni iş yeri dövlət tərəfindən təsdiqlənməsə və köhnə iş yerinə qayıtmaq mümkün deyilsə, vizanızı itirirsiniz. Amma köhnə iş yerinizin yeni transfer üçün müraciətinizdən xəbəri yoxdursa, problemsiz köhnə işinizə davam edə bilərsiniz.

– H-1B vizası sahibləri iş yerində istismara və ya haqsız rəftara məruz qalarsa, hansı hüquqlara malikdirlər?

– İşəgötürənlər, İşçilərin Departamenti (Department of Labour -DOL) tərəfindən qəbul edilmiş minimum əmək haqqını ödəməlidirlər. Bundan başqa, sizi tam ştat adıyla işə alıb sonra kontraktor kimi iş olandan olana işlədə, maaşınızı gec verə bilməzlər. Ümumiyyətlə, davamlı maaş almalısınız. Problemlə qarşılaşsanız, DOL-ə müraciət edə və verilməmiş maaşınızı ala bilərsiniz. Yuxarıda da qeyd etdiyim kimi, işinizi dəyişmək haqqınız da var.

H-1B işçisi ilə əmək münasibəti hər hansı səbəbdən bitərsə, işəgötürən H-1B işçisinin öz  ölkəsinə geri daşınması xərclərini ödəməlidir.

– Hazırkı ABŞ adminstrasiyası dövründə H-1B siyasıtində hansı əhəmiyyətli dəyişikliklər oldu? Yuxarıda 1-2-sini qeyd etdiniz, başqa dəyişikliklər də varmı?

– Qeyd etdiyim kimi, birincisi, qəbul aldığınız işlə ixtisasınız tam üst-üstə düşməlidir. Məsələn, mühasib kimi iş təklifi alan namizəd universiteti əvvəlki kimi beynəlxalq iqtisadiyyat üzrə deyil, mühasibat ixtisası üzrə bitirməlidir.

İkincisi, əvvəllər eyni adam 10-15 fərqli şirkətdən iş təklifi alırdı və lotoreyada adlarının çıxması üçün 10-15 profillə müraciət edirdilər. Yeni adminstrasiya bu problem aradan qaldırmaq üçün pasport bilgisi tələb edir. Bu, o deməkdir ki, bir nəfər pasport nömrəsi ilə bir profillə müraciət edə bilər, əks halda bütün profilləri ləğv olunacaq.

Üçüncüsü, öz işi olanlara (self-employerlərə) bir az yol açdılar. Əvvəllər H-1B ilə işə girmək çətin idi, demək olar, imkansız idi, indi prosesi asanlaşdırıbıar. Siz Amerikada sıfırdan öz şirkətinizi qurursunuz, şirkətiniz sizin üçün H-1B vizası üçün müraciət edir.

– Yeni yaranmış şirkətin maliyyəsi yetəri qədər olmur. Bu, problem yaratmır?

– H-1B məsələsində əslində şirkətin maliyyəsi problem yaratmır. EB-2 və EB-3 vizalarında bir az çətindir. Çünki sözügedən vizalarda ödədiyin vergilərdən sonra qalan gəlirə baxırlar. Amma H-1B-də bank hesabınızda maaşı ödəyə biləcəyinizi göstərə bilsəniz, mümkündür. Vergi üzərindən qazanılmış gəlir göstərməyə ehtiyac yoxdur. O pul investisiya ola bilər.

– H-1B sahibləri Green Carda(Yaşıl kart – Amerikada daimi yaşamaq üçün verilən sənəd – L.M.) keçid edə bilərlərmi?

– Əgər bakalavr dərəcəsi tələb edən işdə çalışırsınızsa, Green Carda aparan EB-3 vizasına, magistratura və ya daha yüksək təhsil tələb edən işiniz varsa, EB-2 vizasına müraciət edə bilərsiniz. EB-3-də proseslər 2 ildən 4 ilə qədər, EB-2-da 2-3 il çəkir.

– Son olaraq H-1B vizasına müraciət etmək istəyənlərə nə tövsiyə edərdiniz?

– Lotoreya prosesini sadə prosesdir deyib özləri etməsinlər, vəkillə çalışmalarını tövsiyə edərdim. Qeyd edtdiyim kimi, kiçik bir səhvin geriyə dönüşü olmur.

İkinci tövsiyəm, düşünməsinlər ki, yalnız böyük şirkətlərdən iş təklifi almalıdırlar, heç bir işçisi olmayan şirkətlərlə də H-1B vizasına müraciət edə bilərlər.

Sonda onu da qeyd edim ki, indiki adminstrasiya ilə sözügedən vizayla yanaşı, digər vizaları da almaq o qədər də asan olmayacaq.

Profilinizə uyğun Amerikaya digər viza növləri ilə bağlı müsahibəni bu linkdən oxuya bilərsiniz: canazerbaijan.com

Foto: Freepik

Author

Facebook
Twitter
LinkedIn
Pinterest
Pocket
WhatsApp